"Sumqayıt"dan iddialara reaksiya - "Qarabağ"a  görə…

7 Noyabr 2021 17:40 Sumqayıt 777
"Sumqayıt"dan iddialara reaksiya - "Qarabağ"a  görə…

"Sumqayıt" "Qarabağ"a qarşı Premyer Liqanın X tur matçı üçün bilet satışı həyata keçirir.

Qiyməti 2 manat olan biletləri "Kapital Bank Arena"nın kassalarından almaq olar.

Bu gün baş tutacaq görüş saat 19:30-da başlayacaq. Açığı, "kimyaçılar"ın sonuncu dəfə Premyer Liqa qarşılaşmasına bilet satıldığını xatırlamıram.

Görəsən, belə qərar verilməsi nədən irəli gəlir? Məsələ ilə bağlı klubun mətbuat xidmətinin rəhbəri Rəşad Məmmədovla danışdıq:

"Bilet satışı bizdə bu mövsüm ikinci dəfə həyata keçirilir. Yayda Konfrans Liqasının birinci mərhələsinin "Çukariçki" ilə ev oyununda da bilet satışı eləmişdik.

Son oyunlarda olan azarkeş sayını və xüsusilə pandemiya şərtlərini nəzərə alaraq, belə qərara gəlmişik".

"Qarabağ"la oyundan öncə bilet satışının elan olunması bəzi azarkeşlərdə narazılıq yaratdı. Bunu sosial şəbəkələrdə yazılan rəylərdən də görmək olar.

Bəs əsl həqiqət necədir? Klub rəsmisini dinləyək:

"Bu, rəqibin "Qarabağ" və ya digər klub olmasından asılı deyil. Bilet satışını mütəmadı həyata keçirmək istəyirdik.

Açığı, hazırkı dönəmdə ən böyük səbəb pandemiyadır. COVİD-19-la bağlı stadionlara girişdə məhdudiyyətlər var.

Yalnız arenanın 50% tutumunda azarkeşə stadiona daxil olmaq icazəsi verilib. Bu isə bizim stadionda təxminən 650 yer edir.

Bildiyimiz kimi Sumqayıt sakinləri futbola çox bağlıdılar. Elə "Neftçi" ilə matçda çox sayda azarkeşimiz qapıda qaldı.

Yerlər məhdud olduğu üçün onların arenaya daxil olmalarına şərait yarada bilmədik. Hər dəfə bu hal yaşandıqca, düşündük ki, bilet satışı həm bizim, həm də azarkeşlərin köməyinə çatar.

Oyuna gəlmək istəyənlər rahatlıqla satış məntəqələrindən biletlərini alır. Bilet bitəndə isə biz bunun elanını verəcəyik.

Bilet ala bilməyənlər artıq yenidən əziyyət çəkib, stadiona gəlməyəcəklər. Hər halda çox sayda azarkeşin qapıda qalmaması üçün məncə, düzgün addım atmışıq".

Məmmədov verilən qərarın problemin həllinə doğru atılmış doğru addım olması ilə bərabər, bunun məsələni tam həll etmədiyi qənaətindədir:

"Düzdür, bu tam da çıxış yolu deyil. Amma pandemiya səbəbindən buna məcburuq. Hər halda sağlamlığımız daha önəmlidir.

Ümid edirəm ki, tezliklə Mehdi Hüseynzadə stadionu təmirdən çıxar və azarkeşlərimiz rahatlıqla bütün oyunlarımızda yanımızda olarlar. Yaranmış problem də tam olaraq həll olmuş olar".

Xanoğlan İmanov / Sportinfo.az

Digər Xəbərlər
Xəbər Lenti
26 Aprel 18:10 Çək və bizə göndər!
26 Aprel 01:40 "O, bizə yalan dedi"