"Ayxan Abbasovun bu sözündən sonra məcburuq ki..." - SƏMİMİ KAPİTAN

3 Noyabr 2021 19:40 Sumqayıt 646
"Ayxan Abbasovun bu sözündən sonra məcburuq ki..." - SƏMİMİ KAPİTAN

"Səbail"lə oyun bizim üçün çox vacib idi. Çünki növbəti xal itkisi rəqiblərimizdən çox geri qalmağımıza səbəb olacaqdı".

Bunu Sportinfo.az-a "Sumqayıt"ın kapitanı Vurğun Hüseynov deyib.

Müdafiəçi son turun "Səbail"lə qarşılaşmasını (2:0) belə şərh edib:

"Öncəki tur "Səbail" "Qarabağ"ı udduğuna görə iki qat motivasiya ilə meydana çıxacağı bəlliydi. Baş məşqçimiz həftə ərzində nə edəcəyimizi bizə aşılamışdı. Şükürlər olsun ki, üstün oynayaraq qələbə qazandıq".

Premyer Liqanın 9-cu turu arxada qaldı. Vurğun isə, nəhayət, 8 turluq fasilədən sonra ötən həftə meydana çıxdı.

O, bu qədər müddət sonra ilk oyuna çıxmasının nədən qaynaqlandığını belə izah edib:

"Gec oynamağım baş məşqçimizin qərarıdı. Mən də qərara hörmətlə yanaşıram. Ayxan müəllim hər zaman bizə inandığını deyir.

Son oyunda şans verildi, mən də meydana çıxıb əlimdən gələni etdim. Komandanın ən təcrübəli futbolçusu və kapitaniyam. İstər məşqdə, istərsə də oyunda komandaya örnək olmalıyam".

Uzun müddətdir oyun praktikası olmasa da 33 yaşlı futbolçu 90 dəqiqə meydanda bunu hiss etdirmədi. Görəsən, o, bunu necə bacarıb?

"Formada qalmağım məşqlərdə daha çox çalışmağımdan irəli gəlir. Bundan başqa Ayxan Abbasov amilini xüsusi deyərdim.

Çünki oynayan və ya oynamayan bütün futbolçulara inanır. Bu da bizim hər birimizə əlavə stimul verir.

Hər zaman deyir ki, hər dəqiqə şans verə bilərəm, ona görə də formada olmağa məcburuq. Bu, həm də bizim işimizdir".

Xəbər Lenti