Bu futbola İnqilab lazım deyil

24 Oktyabr 2021 10:40 Sumqayıt 1 208
Bu futbola İnqilab lazım deyil

«Sumqayıt» ilk 2 turdan üzü bəri qələbəyə möhtacdır.

Ondan sonra gah heç-heçə ediblər, gah da uduzublar.

Bu müddətdə Premyer Liqa milliyə görə iki dəfə taym-aut götürüb və hər dönüşdə «Sumqayıt» öz oxu ətrafından çıxmış kimi görünür.

«Bir şeylər düz getmir» söyləmək çətindir. İstənilən iddianın əsası olmalıdır. Ayxan Abbasovun komandasında nələrsə çatışmır.

Birində hücumçular, birində müdafiəçilər gözlənilən nəticənin qazanılmasına mane olur. Bu dəfə isə hakimlər «Sumqayıt»a hər mənada əngəl yaratdı.

İnqilab Məmmədovun Premyer Liqaya yaraşmadığını, bu səviyyədə olmadığını ilk dəfə görmürük, ilk dəfə eşitmirik. Ayxan Abbasov ondan narazı qalan nə birinci məşqçidir, nə də sonuncu.

İnqilab ağzında fit, cibində vərəqə gəzdirdiyi müddətcə həmişə belə tənqidlər, belə giley-güzar eşidəcək. Bu, onun bacardığı, bildiyi, öhdəsindən gəldiyi sahə, iş deyil. Yaxşı at özünə qamçı vurdurmaz.

«Sumqayıt»ın məğlubiyyət zəngi 11-ci dəqiqədə – Murad Xaçayevin qıırmızı vərəqə ilə kənara atılmasından başladı.

Cərimə zərbəsindən sonra vurduğu zərbənin qapı xəttini keçməsini düşünən, epizodun davamında baş hakimə toxunan yarımmüdafiəçinin gördüyü kart, qanun-qayda ilə götürsək, düzdür.

Amma… Hər şey dəftər-kitabla olsa, gərək, bir oyun da başa çatmasın, meydanda cəmi 3-5 futbolçu qalsın. Burada lazım olan hakimin oyunun havasını doğru analiz etməsi, ona görə davranmasıdır.

Şablon qaydalara söykənən idarəçilik müasir futbolun xüsusiyyətləri ilə uzlaşmır, onun çox gerisində qalır, bəyənilmir.

Futbolçunun halını, düşdüyü vəziyyəti hiss etmək hakimin mənəvi borcu, hətta bir nömrəli üstünlüyüdür. İnqilabda bu keyfiyyətlərin heç biri yoxdur, futbolçuya tapşırıqla, tanışlıqla, «kənar əl»lərlə gəlib.

Murad onu kobudcasıına vurmadı, təhqir etmədi, sadəcə, toxundu. İnqilab bir əliylə dəftər-kitabı üzünə tutub, o biri əlini cibinə atmaqla, «Sumqayıt»ın bir həftəlik hazırlıq prosesində çəkdiyi bütün əziyyəti yerə vurdu.

Demirəm, Murad düz edib, yaxşı edib. Səhvə yol verib, bir də təkrarlamalıdır. Amma onun həmin mübahisə doğuran epizoddan sonra yaşadığı ruh halı?

Adını hakim qoyan İnqilab vaxtilə futbol oynasaydı, ona hardasa anlayış göstərərdi, başa düşərdi.

80 dəqiqə 10 nəfərlə mübarizə aparmaq zülmvericidir. «Sumqayıt» bu cür başlanğıcdan sonra yenidən köklənməyə, 11 dəqiqə əvvəlki istəklə qələbə qazanmağa hazır deyildi. 90 dəqiqə dözdülər, böyük işdir.

Hesabda geri düşdükdən sonra ikinci hücumçunun – Səid Rzanın meydana çıxması labüd idi. Bunun ardıınca Aydın Bayramovun uşaq səhvi baltanı lap kökündən vurdu. Gətirməyəndə gətirmir, bu da o günlərdən biri.

KAMİL

Digər Xəbərlər
Xəbər Lenti