"Belə hakimlər getsin özünə sənət tapsın" - Ayxan Abbasovdan sərt etiraz

23 Oktyabr 2021 18:30 Sumqayıt 956
"Belə hakimlər getsin özünə sənət tapsın" - Ayxan Abbasovdan sərt etiraz

"Oyun haqqında danışılası nəsə yoxdur. Komanda bir həftə ərzində matça hazırlaşır, gecə-gündüz əziyyət çəkir. İlk dəqiqələrdə qırmızı vərəqə verilməsi, komandanın oyununu pozur".

Sportinfo.az xəbər verir ki, bunu "Sumqayıt"ın baş məşqçisi Ayxan Abbasov səfərdə "Sabah"a 0:3 hesabı ilə uduzduqları Premyer Liqanın VIII tur matçından sonra mətbuat konfransında deyib.

40 yaşlı mütəxəssis futbolçusu Murad Xaçayevin 11-ci dəqiqədə birbaşa qırmızı vərəqə ilə meydandan qovulmasını müəmmalı qərar adlandırıb: "Epizoda baxdıq, Murad hakimə etirazını bildirə bilər. Amma başqa heç nə etmədi. Baş hakim İnqilab Məmmədov "Sumqayıt"ın uduzması üçün hər şeyi etdi. Yəqin indi sevinir. İnsanların haqqına belə girmək olmaz".

Abbasov futbolçuların sonadək mübarizə apardığını söyləyib: "Bəlkə də, Tellur Mütəllimov ikinci hissənin əvvəlində qol vursaydıq, fərqli şeylər olardı. Məşqçilik çətin sənətdir. Hərdən adam bu peşəni seçdiyi üçün peşman olur. Düşünür ki, bacarmadım. Bu gün işimə nifrət etdim. Niyə hakimin səhvini deyə bilmirik? Nə üçün? Bəs, biz necə inkişaf edəcəyik? Referi gəlib desin ki, qərar tam düzgündür. İlk 10-15-ci dəqiqədə belə "qırmızı" vermirlər. Hakim oyuna nəzarət etməlidir. Onlar baxmırlar xarici matçlara? Belə hakimlər getsin özlərinə sənət tapsın. Reqlament hakimlər haqqında danışmağa icazə vermir. Amma Məmmədov 11-ci dəqiqədə oyunu bitirdi".

Digər Xəbərlər
Xəbər Lenti