Cızığından kənara çıxma!

19 Oktyabr 2021 17:40 Sumqayıt 806
Cızığından kənara çıxma!

Son tura kimi 4 həftədir qola həsrət qalan, bundan dolayı qələbə ləzzətini dada bilməyən «Sumqayıt»ın «Neftçi» önündə nə edəcəyi, növbəti məğlubiyyəti alacağı, yoxsa uğursuzluq zolağından çıxacağı böyük maraqla gözlənilirdi.

Ayxan Abbasovun bir «Neftçi» biliciliyi var.

O, zamanında «Zirə» ilə bunu dəfələrlə sübuta yetirib. Gəlib «Sumqayıt»a, burada da «Neftçi»yə az badalaq vurmayıb.

Qısacası, Abbasovun komandasını «Neftçi» ilə oyunlara hazırlamaq və rəqibi «oxumaq» üzrə hərtərəfli ixtisaslaşmasını qeyd edək.

Dünən də həmin günlərdən, həmin oyunlardan biri idi. «Sumqayıt» son çempion önündə qorxusundan tir-tir əsən, yarpaqtək və ipəktək yumşaq görüntüsü vermədi.

Əli Qurbaninin dönüşü ilə bir qədər də ruhlandıqlarını dönüm-dönüm hiss etdirdilər.

Sadəcə, elə Qurbaninin özü girdiyi epizodları qaçırmaqla, ötən günlərinin gerisində qalması fikri yaratdı və istər ondan qol gözləyən «Sumqayıt»lılara – oyundaşlarına, məşqçilərinə, azarkeşlərinə dərindən köks ötdürdü.

Murad Xaçayevin qolunu deyirsiz? Hə, başqa məsələ… Məncə, sezonun ən baxımlı qolu sayılacaq bir vuruşa imza atdı.

Muradın fərqləndiyi epizod illər öncə keçirilən «kl-klassiko»nu yadıma saldı - Qaret Beylin uzun reyd edərək, «Barselona»nın qapısına vurduğu və «Real»a 2:1 hesablı qələbə gətirən qolu.

Düzü, Muradın bu qolunadək inanmazdım ki, Beylin Azərbaycan variantını Premyer Liqada izləyərək. Hətta deyərdim ki, Xaçayev uelsli ulduzdan daha çətin vəziyyətdə o cur ustalıqla adını tabloya yazdırdı.

«Sumqayıt»da Murad sürətində və təfəkküründə, texnikasında futbolçu azdır. Onlardan biri də Rəhim Sadıxovdur, heyhat, o da son vaxtlar özünü tamamilə «sərbəst rejissor» kimi aparır.

Fint göstərmək bacarağına o qədər arxayındır ki, meydanıın istənilən nöqtəsində «junqlyorluq» etməkdən çəkinmir. Özəlliklə də qapıçı meydançasıına yaxın ətrafda.

Yaşıl sahənin rəqibə aid hissəsində bu cür davranması normaldır, dərd odur ki, Rəhim bunu komandasının yerləşdiyi cərimə zonasıının həndəvərində də edir.

«Neftçi»nin bərabərlik qolunu vurduğu epizod məhz Rəhimin topu itirməsi ilə başladı. Qonaqların son dəqiqələrdə Aydın Bayramovun qoruduğu qapının tirini silkələdiyi fraqment də yenə onun «yuvarlaq meşin»i ayağından qaçırmasıyla yarandı.

Sadıxov ona millidə güvənməyən Canni De Byazinin stadionda olmasını öyrənərək, özünü göstərmək niyyəti ilə belə edirsə, Ayxan Abbasov başa salsın ki, həvəsdir, bəsdir, cızığından kənara çıxma.

SPORTİNFO.AZ

Xəbər Lenti
24 Aprel 16:50 Çək və bizə göndər!
24 Aprel 11:00 Tanıtmaq üçün varıq!
24 Aprel 09:40 "Neftçi" canlı yayımda
24 Aprel 02:40 Çempion oldular
24 Aprel 02:00 Bakıda I modul başladı