"Biz bunu böyütmürük, bəhanə kimi səsləndirmirik" - MÜSAHİBƏ

11 Oktyabr 2021 16:20 Sumqayıt 695
"Biz bunu böyütmürük, bəhanə kimi səsləndirmirik" - MÜSAHİBƏ

"Sumqayıt" yeni mövsümə ardıcıl 2 qələbə ilə start versə də sonradan "qara zolağ"a düşdü. Komanda 4 görüşdü qələbəyə həsrətdir.

Görəsən, ötən mövsümün bürünc medallarına sahib olan komandada nə baş verir?

"Kimyaçılar"ın baş məşqçisi Ayxan Abbasov Sportinfo.az-a müsahibəsində bizi maraqlandıran bu və digər sullları cavablandırıb.

- Arxada qalan 6 turu "Sumqayıt" üçün necə dəyərləndirirsiniz? Komandadan nə gözləyirdiniz və nə gördünüz?

- 6 tura 7 xalımız var. Daha artıq da ola bilərdi və ya daha az xal qazana bilərdik. Gərgin oyunlarımız oldu. Ki, xal qazana, qalib gələ bilərdik. Ümumi götürsək böyük bir problemimiz yoxdur. İlk dövrə hələ bitməyib. Elvin Bədəlovu itirməyimiz bizim üçün böyük itki oldu. Geniş heyətimizin olmaması fonunda belə itkilər bizə baha-başa gəlir. Əli Qurbani son iki oyunda olmadı və yeri görsənirdi. Oyun planında, futbolçuların oyunlara yanaşmasında, mübarizəsində problem yoxdur. Sadəcə qol epizodlarını çox qaçırırıq. Bunun üzərində işləyirik. Qarşıdakı oyunda bu çətinliyi aradan qaldırmağa çalışacağıq.

- Arxada qalan altı matçda mövsüm öncəsi düşünmədiyiniz hansı problemlə qarşılaşdınız?

- Öncədən nəyisə fikirləşmək və ya hazır olmaq doğru deyil. Məşqçilik elə peşədir ki, illərlə çalışsan belə yeni stiuasiya ilə qarşılaşa bilərsən. Biz də çalışırıq qarşılaşdığımız arzuolunmaz stiuasiyalardan düzgün çıxmağı bacaraq. İlk oyunlar baş verən zədələrə hazır olmalıydıq. Komandada olan bütün futbolçuların hər zaman formada olması lazımdır ki, belə məqamlarda boşluqlar hiss olunmasın. Geniş heyətimizin, yaxşı rəqabətin olmasın çox istərdik. Bunu bütün məşqçilər istəyir. Sevindirici hal odur ki, gənclərimiz ötən mövsümə nisbətən daha yaxşı çıxış edirlər. Problemlərimiz də yox deyil. Meydança ilə bağlı problemə görə bir aydan çoxdur kənarda məşqlərimizi keçirik. Milli komandaya gedən futbolçuların çoxluğu təsir edir. Bunlar hamısı normal haldı. Sadaladığım problemlərə maksimum hazırıq və çalışırıq aradan qaldıraq.

- Ötən dəfə Milli komandanın oyunları bağlı yaranmış fasilədən sonra "Sumqayıt" 3 oyuna 1 xal əldə etdi. Eyni hal hazırkı fasilədən sonra da yarana bilərmi? Və ya yaranmaması üçün hər hansısa tədbir görmüsünüzmü?

- Milli komandaya görə yaranmış fasilə bütün klublara aiddir. Düzdü, hansı komandadan çox futbolçu dəvət olunursan o komandaya istər-istəməz daha çox təsir edir. Real danışmaq lazımdır. Amma milli komandada olmağın da üstünlükləri var. Futbolçularımız beynəlxalq görüşlərə çıxırlar. Bu məqam həmin oyunçulara iki qat motivasiya olmalıdır. Həmin oyunlardan sonra Premyer Liqada oynamaq daha rahat olmalıdır. Əlbəttə, orada zədələnmə, az şans qazananda və ya məğlub olanda psixoloji gərginlik, inamsızlıq görünürdü. Gördüyümüz kimi milliyə daha çox dəvət olunmağın xeyri kimi ziyanı da var. Bunun üzərində çox dayanmaq istəmirəm. Buna uyğunlaşmalıyıq. Bir məşqçi kimi bunu bəhanə etsəm, bu futbolçulara da pis təsir edə bilər. İlk gündən futbolçularımıza demişəm ki, buna uyğunlaşmalıyıq.

- Son oyunlardakı uğursuzluqdan sonra "Sumqayıt"a qarşı tənqidlər çoxalıb. Düşünmürsünüz ki, bəzən sizin komandadan olan gözləntilər reallığın çox üstündədir?

- Bu suala geniş cavab vermək istərdim. Həqiqətən son zamanlar bu barədə danışmamışam. Bəzən susmağa ehtiyac duyuram. Tənqid olmalıdır. Amma necə olmalıdır? Həqiqtənmi komandamızı düzgün analiz edib, bu tənqidləri səsləndirirlər, yoxsa burada qərəz var, kiminsə kimdənsə xoşu gəlmir? Açıq deyim ki, paxıllıq var. Bəzən hansısa komandanın, şəxslərin gözündə yaxşı olmaq üçün fikirlər səsləndirirlər. İttiham eləmək çox asandır. Hər kəs bunu edə bilər. Ancaq bu ittihamların əsası olmalıdır. Bəs "Sumqyıt"ı nə ilə ittiham edirlər? Böyük pullar ayrılmayıb ki, deyək çox oyunçu transfer etmişik və keyfiyyətsiz çıxıblar. Öz büdcəmizə uyğun ötənilki heyəti qorumağa çalışdıq. Amma güclənə bilmədik. Digər komandalar keçənilki nəticələrdən dərs çıxarıb, transferlər edib. İstəyirlər ki, avrokuboklara getsinlər, medallar uğurunda mübarizə aparsınlar. Bu normaldı və bu rəqabəti artırır. Buna görə heç kim bir-birindən inciməməlidir. Belə şeylər mənə, komandama təsir eləsə biz zəif olarıq. Hər zaman futbolçularıma da deyirəm ki, biz sözümüzü meydançada deməliyik. Rəhbərliklə qarşımıza qoyduğumuz məqsədə doğru irəliləyirik. Bu yolda qələbə ilə bərabər məğlubiyyət də olacaq. Amma biz öz yolumuzla gedirik və "Sumqayıt"da olan inkişaf göz qabağındadır. Digər komandalarla rəqabətdə bizə çətinliklər var. Biz bunu böyütmürük, bəhanə kimi səsləndirmirik. Başa düşürük ki, çatdığımız yerdə qalmaq istəyiriksə biz də nələrsə etməliyik. Amma öz büdcəmizə uyğun hərəkət edirik. İstənilən şəxslə normal polemikaya hər zaman açığam. Yoxsa filankəs niyə gəldi, bunu niyə elədin və.s yox. Digər komandalara o qədər yararsız futbolçular transfer edilir, amma görürsən ki, eyni münasibət göstərilmir. Bizdən də böyük problemi olan komandalar olub. Mən hər zaman mətbuata açıq olmuşam. Hörmət edənlərə iki qat hörmət etmişəm. Sadəcə bəzən hörmətsizlik edirlər, həddi aşırlar. Hər dəfə nəsə demirəm, amma bəzən cavab vermək lazımdır.

- Uğuru əldə saxlamaq qazanmaqdan daha çətindir. Ötənilki uğurunuzu əldə saxlamaq mümkün olacaqmı?

- Digər komandalar bu gün bizə başqa cür yanaşırlar. "Sumqayıt"a qalib gələndə rəqiblərdə böyük sevinci görürəm. Bu bizim uğurumuzdur. Rəqiblər artıq "Sumqayıt"a 2-3 il öncə baxıdıqları kimi baxmır. Öz əməyimiz, zəhmətimizlə bura gəlmişik. Təbii ki, burda qalmaq çətin olacaq. Bunu biz hamımız dərk edirik. Daha çox çalışmalıyıq. Alınacaqsa alınacaq, alınmasa da dünyanın sonu deyil. Olduğumuz yerdə qalmaq üçün biz də nələrisə dəyişməliyik. Bunun da üzərində çalışırıq.

- "Neftçi" xaric digər rəqiblərlə yeni mövsüm qarşılaşmısınız. Artıq hər birini yaxından tanımış oldunuz. Real yanaşsaq hazırkı "Sumqayıt"ın gücü bu il hansı məqsədlər üçün yetərlidir?

- Mövsümün əvvəli qarşımıza məqsəd qoymamışıq ki, bu il də mütləq bürünc medal qazanmalıyıq. Rəhbərlik də qarşıma belə şərt qoymayıb. Amma hər bir insan qazandığı uğuru təkrarlamaq, ondan daha yaxşısını əldə etmək istəyir. Bu normal haldır. Nə dərəcədə alınacağını çempionatın sonu görəcəyik. Mən komandamdan razıyam. Məğlub olduğumuz oyunlarda belə rəqib bizdən 3 qat üstün olmayıb. Elə olsa mən də hiss edərəm ki, komandamda böyük problem var. Bəli, yaxşı oynamadığımız oyunlar olub. "Sumqayıt" özü haqqında fikirləri yaxşı oyunu ilə yaradıb. Qarşımızdakı rəqiblər də bizə qarşı daha tədbirli olurlar. Futbolçularım buna alışmalıdır. Tam yaxşı oynamadığımız oyunlar ola bilər, amma o demək deyil ki, məğlub olanda mübarizə aparmamışıq. Elə olsa iradları da qəbul edərəm. 1-0 uduzursan və meydanda gərgin mübarizə gedir. İki komanda da ortada oyun aparır. Və gəlib iradı sənə bildirəndə bu yaxşı görünmür. Hələ qarşıda 3 dövrə var. Yalnız "Neftçi" ilə oynamamışıq. Bütün komandalarımızın gücü bəllidir. Mən hər zaman demişəm ki, "Neftçi" və "Qarabağ" xaric, digər komandalar bir-birinə yaxındır. Hər biri digərini məğlub edə bilər. Görünən odur ki, sona qədər mübarizə olacaq. Biz də çalışacağıq ki, bu mübarizədən qopmayaq.

Xanoğlan İmanov

Xəbər Lenti
25 Aprel 18:10 Çək və bizə göndər!