Kapitan "qara günlər" barədə nə düşünür? - “Alınmayanda alınmır“

5 Oktyabr 2021 11:40 Sumqayıt 514
Kapitan "qara günlər" barədə nə düşünür? - “Alınmayanda alınmır“

“Sumqayıt” Premyer Liqada yeni mövsümə 2 qələbə ilə başlasa da, son 4 turda qeydə alınan 3 məğlubiyyət istər-istəməz sual doğurur.

Sanki komandaya nəsə olub, yolunda getməyən nələrsə var. Maraqlıdır, kapitan bu barədə nə düşünür?

Vurğun Hüseynovu dinləyək:

“Futboldur, işlər hər dəfə sən istəyən kimi getmir. Bəzən alınmayanda alınmır. “Qarabağ”la oyunun ikinci hissəsini yaxşı oynamışdıq, amma uduzduq.

“Qəbələ” ilə qarşılaşmada qələbəyə layiq idik, 1 xal qazandıq. Əsas problem qol imkanlarından istifadə edə bilməməyimizdir.

Təbii ki, zəif cəhətlərimiz də var. Sevindirici məqam odur ki, yaxşı oyun sərgiləyirik, qol fürsətləri yaxalayırıq. İnşallah, qollar və qələbələr də gələcək”.

Qələbələrin gələcəyinə ümid etmək yaxşıdır. Lakin mövsümün əvvəlində itirilən xallar sonda komandaya baha başa gələ bilər.

Ardıcıl iki mövsüm avrokuboklara vəsiqə qazanan “Sumqayıt” xal itkiləri ilə növbəti dəfə hədəfə çatmaq işini çətinə salır. Hüseynov tələsməyə gərək görmür:

“Çempionat yeni başlayıb. Hələ 6 tur geridə qalıb, 22 tur var irəlidə. Əsas mübarizə irəlidədir. Bundan sonra daha çox işləmək və daha çox səbr etmək lazım gəlir.

Yadınızdadırsa, ötən mövsümün gedişində 5-6-cı pillələrdə yer almışdıq. Sonda üçüncü yerə qalxdıq. Narahatlığa ehtiyac yoxdur”.

SPORTİNFO.AZ

Digər Xəbərlər
Xəbər Lenti