Aciz biri deyil, amma…

2 Oktyabr 2021 14:00 Sumqayıt 910
Aciz biri deyil, amma…

Dörd turdur «Sumqayıt» marafon zolağının uğursuzluq tərəfindədir.

12 mümkün xaldan cəmi 1-ni əldə ediblər.

Nəticəyə baxsaq, belə qənaət formalaşar ki, Ayxan Abbasovun futbolçularının baş ilk 2 turdakı qələbədən gicəllənib, indi isə nə yerdədirlər, nə də göydə.

Baş məşqçiyə bu yöndə suallar verilir, o isə əsəbi tonda cavablandırır, özündən çıxır. Düşdükləri durumu komandasının hücum potensialı ilə əlaqəli olmasını izah etməyə çalışır, başqa məqamların üzərində dayanmır, dayanmaq istəmir.

«Sumqayıt» Abbasovun dövründə ilk dəfə deyil ki, belə bir halla üzləşir. Fikir versək, ötən iki mövsümdə də bu cür eniş-çıxışın olmasını görərik.

Hələ mövsümün əvvəlidir, əsas mübarizə irəlidədir və bir var, finiş xəttinə yaxın «özündən gedəsən», biri də var, çöküş mərhələsini ondan xeyli qabaq yaşayasan.

Bunun sərəməsi daha çoxdur. Nəticə çıxarmaq, əyər-əskikləri aradan qaldırmaq mənasında. Vaxt var, qabaqda o qədər sürprizlər, sensasiyalar olacaq ki…

Ayxan Abbasov komandasının məğlubiyyətlərini Əli Qurbaninin yoxlutğu ilə bağlayacaq qədər aciz biri deyil. «Sumqayıt» öncəki iki yenilgini elə Əlinin meydanda olduğu oyunlarda alıb.

Narahatlıq yaradan səbəb onun və digər aparıcı futbolçuların millidən əli ətəyindən uzun vəziyyətdə qayıtmasıdır.

Qurbani ilə rəqabət aparmaq üçün gətirilən Səid Rza da hələ ondan istəniləni vermir, kollektivə adaptasiya olmayıb, yeni yoldaşları ilə anlaşması çox zəifdir.

Bir-iki finti və «çərçivə»dən yan keçən bir-iki baş zərbəsindən savayı nə iləsə yadda qalmayıb.

Abbasovun tez-tez forma geyindirdiyi gənclərdə artım dayanıb. Səbuhi və Rüfət Abdullazadələr, Eltun Turabov, Süleyman Əhmədov - yerlərində sayırlar.

Bu, fikrimizcə, baş məşqçini daha çox qayğılandırır, di gəl, onları ruhdan salmamaq xatirinə mətbuata kəlmə də demir, eyham vurmur.

Bu da gənclərə bir jest, bir dəstəkdir.

SPORTİNFO.AZ

Digər Xəbərlər
Xəbər Lenti