"Belə məsələlərə diqqət etmək lazımdır" - Ayxan Abbasov

26 Sentyabr 2021 21:50 Sumqayıt 560
"Belə məsələlərə diqqət etmək lazımdır" - Ayxan Abbasov

"Sabah Vətən müharibəsinin başlaması ilə əlaqədar şəhidlərimizə rəhmət diləyir, qazilərimizə borclu olduğumuzu bildirirəm. Bu gün çempionatımızın rahat keçməsi onların əziyyətinin nəticəsidir".

Sportinfo.az xəbər verir ki, bunu "Sumqayıt" komandasının baş məşqçisi Ayxan Abbasov evdə "Qəbələ" ilə 0:0 hesablı heç-heçə etdikləri Azərbaycan Premyer Liqasının V tur matçından sonra mətbuat konfransında deyib.

40 yaşlı mütəxəssis bildirib ki, iki oyundur uduzmalarına baxmayaraq, komandasının çıxışından razılıq ifadə edib: "Bu gün uduza da, qalib gələ də bilərdik. Çünki matç çox sürətli keçirdi. "Qəbələ"nin bu gün bu qədər pressinqlərinə sinə gəlmək çox əziyyətli idi. Hər iki komandanın imkanları olsa da, qol çatmadı. Bu tempi çoxdandır görmürdük. Hər bir xal önəmlidir. Futbolçulara təşəkkür edirəm".

Abbasov oyunlar zamanı üstünlüyün rəqiblərdə olduğunu diqqətə çatdırıb. Onun fikrincə, növbəti görüşü bir gün gec tarixə salmaq olardı: "PFL-lə hər bir işdə məsləhətləşsək də, son sözü onlar deyir. Yəqin ki, bu dəfə gözdən qaçıb. Növbəti oyunumuzu oktyabrın 1-də yox, 2-də keçirə bilərdik. Biz az dincələn komanda oluruq. Belə məsələlərə diqqət etmək lazımdır".

Baş məşqçi yardımçı meydanlarının hələ tam hazır olmadığını deyərək, əsas meydanda məşqlərə risk etmədiklərini vurğulayıb. O, "Zirə" ilə növbəti tur qarşılaşmasına da Bakıda hazırlaşacaqlarını söyləyib: "Burada hər cür şəraitimiz var. Kənarda məşq etmək bizə çətin olur".

Abbasov oyun zamanı zədələnən Elvin Bədəlovun vəziyyətinin ciddiyə bənzədiyini söyləyib: "Onu hazırkı durumda itirmək yaxşı hal deyil. Eyni zamanda Əli Qurbaninin əzələsində dartılma olub. Yəqin ki, iki həftə bizimlə olmayacaq".

Təcrübəli mütəxəssis iki oyundur qol vura bilməmələrinin fürsətlərdən yararlanmamaları ilə əlaqələndirib: "Qurbaninin olmaması bizə çətinlik yaradır. Amma meydana buraxdığımız digər hücumçular da təhlükəli vəziyyətlərə girə bilirlər".

Digər Xəbərlər
Xəbər Lenti