"Heç bir futbolçunun getməsini istəmirəm"

9 İyun 2021 09:40 Sumqayıt 1 038
"Heç bir futbolçunun getməsini istəmirəm"

«Rəhbərliklə növbəti görüşdən sonra müqavilənin müddətini uzatmağa qərar verdim».

Bu sözləri Sportinfo.az-a açıqlamasında «Sumqayıt»ın baş məşqçi postunda qalan Ayxan Abbasov deyib.

2018-ci ilin payızından «gənclik şəhəri» təmsilçisini çalışdıran gənc mütəxəssis daha 1 mövsüm sükan arxasında dayanacaq.

O, hansı şərtlər daxilində işini davam etdirməyə razılıq verməsini açıqlamasa da, hər şeyin tədricən qaydasına düşəcəyini bildirib:

«Bu qərarı verdiyim üçün şadam. Əvvəl də demişdim ki, başladığım işi davam etdirmək istəyirəm.

Mən həmişə futbolçuları, komandanı düşünmüşəm. İndi də əsas məqsədim bu kollektivi qorumaqdır. Heç bir futbolçunun getməsini istəmirəm.

Düzdür, bir çoxuna başqa yerlərdən yaxşı təkliflər var, amma mən onların qalmasına çalışıram. İstər müqaviləsi davam edənlər olsun, istər müqaviləsi bitənlərə.

Hər yay çoxlu sayda futbolçunun gedib-gəlməsi yaxşı hal deyil, çünki komanda yığmaq ağır prosesdir və istədiyin heyəti yığa bilmirsən.

Bugündən bu məsələlərlə məşğul olmağa başlayacağıq, görək, nə edə bilərik. Hələ hazırlıq planını müəyyənləşdirməmişik. Rəhbərlik də vəziyyəti düzgün analiz edir və mənə dəstəkdirlər.

Əl-ələ verib, komandanın daha da yaxşı olmasına çalışacağıq. Niyyətimiz mümkün qədər irəli getməkdir».

Xəbər Lenti