Tarixində ilk dəfə Premyer Liqanın bürünc medallarını qazanan «Sumqayıt» mükafatlandırılıb.
Bu barədə Sportinfo.az-a klubdan məlumat verilib. Bildirilib ki, sponsorlar tərəfindən komandaya 50 min manat ayrılıb.
İlk dəfə təşkil olunacaq Konfrans Liqasına birinci vəsiqənin sahibi Sumqayıt” olub. “Gənclik şəhəri” təmsilçisi buna Premyer Liqanın XXVIII turunda əldə etdiyi bürünc medalla nail olub.
Ayxan Abbasovun yetirmələri son matçında “Səbail”i bir qolla yenərək xal hesabını 39-a çatdırıb. Bu turadək aktivində 38 xal olan “Zirə”nin “Sabah”a uduzması (1:2) sayəsində “Sumqayıt” paytaxt klubunu arxada qoya bilib.
Bununla da Ayxan Abbasovun komandası klub tarixində ilk dəfə mükafatçılar sırasına düşüb.
İndiyədək medal qazanmayan “Sumqayıt” eyniadlı şəhərin buna nail olan ikinci komandasıdır. 1992 və 1993 mövsümlərində şəhərin digər komandası – “Xəzər” gümüş mükafata yiyələnib.
“Sumqayıt” həm də ardıcıl ikinci dəfə avrokuboklara çıxıb. Ötən yay Avropa Liqasında oynayan komanda bu dəfə Konfrans Liqasında oynayacaq.

