Necə deyərlər, görüşənədək!

9 May 2021 15:00 Sumqayıt 788
Necə deyərlər, görüşənədək!

Kubok finalına doğru son məşq - "Keşlə"ylə "Sumqayıt"ın Premyer Liqanın 26-cı turundakı qarşılaşmasını belə xarakterizə etmək olar.

Komandalar matça bir-birinin gözünü qorxuzmağa çıxmışdı.

İlk dəqiqələrdən hər iki tərəf oyunu ələ almaq istədi. Keşləlilər 5-10 dəqiqəyə üstün göründü. Komanda halında meydanboyu pressinq, top itkilərində dərhal geri almaq cəhdləri sumqayıtlılara nəfəs almağa imkan vermirdi.

Rəhim Sadıqov mərkəzdə «bağlanmışdı». Con Kamara və yoldaşları qayıdan toplara dərhal yiyələnirdi. "Sumqayıt" əks-həmlələr etməyə belə, çətinlik çəkirdi.

"Keşlə" topa nəzarət edir, qonaqları öz meydanında sıxışdırır, əl-qol açmağa qoymurdu. 20-25 dəqiqədən sonra "Sumqayıt" nisbətən özünə gələ bildi, bir-iki hücum təşkil etdi.

Fəqət, ilk yarıda "Keşlə"nin üstünlüyündən istifadə edib qol vurmaması öz günahıdır.

Fasilə "Sumqayıt"ın işinə yaradı. İkinci hissədə ssenari dəyişməsə də, qonaqlar artıq özünü toparlamışdı. Oyun ərzində Mehdi Cənnətov kimi, Stanislav Namaşko da komandasını bir epizodda xilas etdi.

"Sumqayıt" istədiyi oyunu sərgiləyə bilmirdi, "Keşlə" meydanda daha üstün görünürdü. «Gənclik şəhəri»nin təmsilçisinə 3 xal lazım olsa da, hardasa belə təəssürat yaaranırdı ki, Ayxan Abbasov bu dəqiqələrdə matçın gedişinə uyğun olaraq, 1 xala da razılaşardı.

"Sumqayıt"ın dadına Sadio Tounkara çatdı. Oyuna yeni daxil olan Cabir Əmirlini heç bir lüzum olmadan, bir düşüncəsiz hərəətilə yıxdı, qonaqlara gözləmədikləri halda penalti «hədiyyə» etdi.

Penalti əldən getmiş oyunda "Sumqayıt"a nəfəs verdi. "Keşlə" son dəqiqələri rəqibin cərimə meydanına oturub təzyiq etsə də, matçı xilas edə bilmədi. Qol imkanları da yaranırdı.

Qapıçı, müdafiəçilər dözdülər, heç-heçəlik oyunda komandaya vacib 3 xalı qazandırdılar. "Sumqayıt" 3-cü pilləyə qayıtmaqla yenidən "Zirə"ni qayğılandırdı.

Dərinə getsək, Sənan Qurbanov bu görüşdə heç nə itirmədi, kubokun finalı üçün yetərincə material topladı. Necə deyərlər, kubokun finalında görüşənədək.

Premyer Liqanın sonu? Bu, «Keşlə»nin baş məşqçisini ən az düşündürən məsələdir. O

nun ağlında yalnız mayın 24-ü var, hansı ki, həmin gün ən qısa marşrutla avrokuboklara vəsiqə qazanmaq şansı sınanacaq.

SPORTİNFO.AZ

Digər Xəbərlər
Xəbər Lenti
19 Aprel 16:30 Çək və bizə göndər!