"Futbolçularım böyük xarakter göstərdilər" - Ayxan Abbasov

8 May 21:30 Sumqayıt 293
"Futbolçularım böyük xarakter göstərdilər" - Ayxan Abbasov

"Qələbə qazanmaq xoşdur. İstəyirdik ki, çempionatın sonunadək şansımız qalsın, mübarizəni davam etdirək. Bu gün futbolçularım həqiqətən böyük xarakter göstərdilər. Çünki çox yorğun qrafikdə oynayırlar".

Sportinfo.az xəbər verir ki, bu fikirləri "Sumqayıt"ın baş məşqçisi Ayxan Abbasov səfərdə "Keşlə"ni 1:0 hesabı ilə məğlub etdikləri Azərbaycan Premyer Liqasının XXVI tur oyunundan sonra mətbuat konfransında deyib.

40 yaşlı mütəxəssis bildirib ki, hansı komanda xarakter göstərdisə, o da qalib gəldi: "Taktiki cəhətdən diqqətli oynadıq. Futbolçularımı təbrik edirəm. Bir qol oyunun taleyini həll etdi. Matçın əvvəlində hər iki komandada epizodlar oldu. Görüşün bəzi vaxtlarında sürət qalxırdı, bəzi vaxtlarında isə düşürdü. Bu da normal idi. Həm "Keşlə", həm də biz kubok oyunu keçirmişik. Həftələr keçsə də, bədəndə yorğunluq qalıb. Bundan sonra vaxtımız var. Hardasa 6 gündən sonra qarşılaşmamız var. Futbolçular istirahət edə biləcəklər".

Abbasov bəzi oyunçuların cəza və zədə səbəbindən meydana çıxa bilmədiyini söyləyib: "Ümid edirəm ki, onlar da qayıdacaq. Çempionatın sonunadək mübarizədən qopmamağa çalışacağıq. Futbolçularımız ilk turdan bu günədək uğur qazanmağa layiqdirlər. Amma qismətdə nə varsa. o da olacaq. İnanıram ki, mövsümün sonunda sevinən biz olacağıq". Baş məşqçi Cabir Əmirlinin meydana daxil olduqdan sonra komandasına penalti qazandırmasına da toxunub: "Cabir keçən qarşılaşmada da oynamışdı, onda bəzi rotasiyalar etmişdik. Oyun elə axarda gedirdi ki, rəqib daha çox sol cinahdan gəlirdi. Sağ cinah müdafiəçimiz Süleyman Əhmədov yorulmuşdu. Bunadək Rəhim Sadıxov iki dəfə təkbətək çıxsa da, rəqib qapıçı yaxşı oynadı. Əmirlinin sürəti hesabına cinahda təhlükə yarada biləcəyinə inanırdıq. Həqiqətən bunu reallaşdırdı. Həm qapıya bir zərbəsi oldu, həm də penalti qazandırdı. Açığı, belə bir şeyin baş verəcəyini gözlədiyimizi desəm, yalan olar. Amma sağlam düşüncə ilə fikriləşirdik ki, Əmirli matçın nəticəsinə təsir göstərən hərəkətlər edə bilər".

Xəbər Lenti
23 İyun 13:40 Kapitan 1 il də qaldı