"Sumqayıt"ın baş məşqçisi: "Heç kim mənə sifariş verə bilməz"

21 Aprel 2021 23:00 Sumqayıt 1 471
"Sumqayıt"ın baş məşqçisi: "Heç kim mənə sifariş verə bilməz"

"Kubok oyunu tam fərqli ab-havadır. Bu gün bəzi dəyişikliklər etdim və belə gərgin oyunda onlara güvəndim.

Qarşıda "Zirə" ilə çətin matç və cavab görüşü var. Ciddi hazırlaşacağıq".

Sportinfo.az xəbər verir ki, bunu "Sumqayıt"ın baş məşqçisi Ayxan Abbasov evdə "Qarabağ" lə 0:0 hesablı heç-heçə etdikləri Azərbaycan Kubokunun ilk yarımfinal oyunundan sonra mətbuat konfransında deyib.

40 yaşlı mütəxəssis Ağdam klubunun futbolçusu Abdullah Zubirin erkən əvəzlənməsinə fikir bildirmək istəmidiyini söyləyib: "Qarabağ"da üst-üstə zədələr olur.

Qurban Qurbanov brend məşqçidir, ona baxıb oynamışıq. Hazırda "Qarabağ" bizdən daha gərgin durumdadır. Çempionluğu itirmə təhlükəsi var.

Ötən oyun Əli Qurbaniyə elə təpik vurmuşdular ki, ağzı partlamışdı, referi də görməmişdi. "Neftçi"ni uduruq, deyirlər ki, qəsdən belə oynayırlar, "Qarabağ"ı uduruq, deyirlər ki, "Neftçi"yə görə belə oynayır. Neyləyək, onda oynamayaq, qoy, ikisi bir-biri ilə oynasın? Oyunda belə hallar olur".

Abbasov deyib ki, kubok matçında əsas məqsədləri qol buraxmamaq idi: "Cavab oyununu hələ fikirləşməmişəm. Qarşıda "Zirə" ilə gərgin oyun var.

"Qarabağ'a çempionat matçında uduzsaq da, komandamdan razı qalmışdım. Narazılığım hakimdən idi. "Qarabağ" bizə qarşı oynadığı kimi digər rəqiblərə qarşı oynamır. Cavab oyununda çalışacağıq ki, bu sindromu qıraq".

O, "Qarabağ"ın baş məşqçisi Qurban Qurbanovun fikirlərinə də münasibət bildirib: "Ola bilsin, Qurban müəllim aqressiv danışıb. Amma mənə heç kim təzyiq edə, sifariş verə bilməz ki, futbolçularıma belə oynamağı tapşırım. Heç bir klub bizə dəstək olmadı ki, "Sumqayıt"da koronavirus olanda oynamamağımızı istəsinlər".

Digər Xəbərlər
Xəbər Lenti