"Keşlə" 3-5 molla, falçı, cadügar heyətə cəlb etsəydi…

14 Mart 2021 19:00 Sumqayıt 1 493
"Keşlə" 3-5 molla, falçı, cadügar heyətə cəlb etsəydi…

"Keşlə" Sumqayıta qələbə arxaınca gəlmişdi. İlk dəqiqədən hücuma atılan keşləlilər adi vəziyyətdə gözlənilməz, rahat qol da vurdular.

Bu epizoda yüzdə-yüz qol epizodu da demək olmur.

Müdafiədə belə bəsit səhvlər etmək komandaya təsirsiz ötüşmür. Ötən turla müqayisədə Sənan Qurbanov start heyətində çoxsaylı dəyişiklər etmişdi.

Stanislav Namaşko, Miyusko Boyoviç, Yevgeni Koçuk, Anatolie Abanq kimi futbolçular ehtiyatda qalmışdı.

Açığı, edilən dəyişiklər "Keşlə"nin oyununa müsbət təsir etmişdi. Komanda şəklində qonaqlar daha çox topa nəzarət edir, daha istəkli görünürdülər.

Ayxan Abbasov da heyətə əl gəzdirmiş, Cavid İmamverdiyevlə Mehdi Şərifini əsas "11-liy"inə daxil etməmişdi. "Sumqayıt" hissənin başlanğıcında mərkəzdə uduzurdu.

Baş məşqçi oyuna müdaxilə edərək, Elvin Məmmədov və Rəhim Sadıqovun yerdəyişmələri ilə bu boşluğu nisbətən aradan galdırdı. "Sumqayıt"a özünəxas olan aqressivlik çatışmırdı.

Xətlərarası əlaqələr axsayır, kəsərli əks-hücumlar istədikləri kimi alınmırdı. Sadəcə, bir oyunluq məcburi istirahətdən sonra Əli Qurbani daha aktiv təsir bağışlayırdı.

Cavab qolu yaşına uyğun olmayan sürüşmə fəndilə rəqibindən topu alan Elvin Məmmədovun sayəsində vuruldu. Cərimə meydanına ötürülən asma Kamal Bayramovun kobud səhvindən sonra vurudu.

Cəmaləddin Xocaniyazov "hədiyyə"ni qəbul edib hesabı bərabərləşdirdi. "Sumqayıt"ın ikinci qolunda da qapıçı komandanı xilas edə bilərdi.

Evdə çıxış edən "Sumqayıt" qələbə qazanmaq istəyirdi. Rəqibin təzyiqinə baxmayaraq, fasilədən sonra hücumameyli Şərifi meydana buraxıldı. "Keşlə" də Abanqı ikinci hissədə oyuna qoşmuşdu.

Qonaqlarda qolları isə Azər Salahlı vururdu. Matçın qırılma nöqtəsi Mehdi Cənnətovun son dəqiqələrdə "Sumqayıt"ı real qoldan xilas etməsi oldu. Qapı önündə Abanqın yaxın məsafədən baş zərbəsinə, inanılmaz reaksiya verdi.

Doğma divarlar önündə çıxış etsə də, qazanılmış 1 xal "Sumqayıt"ın işinə daha çox yaradı. İki xalı itirən tərəf "Keşlə"dir.

Son turlarda özünə bənzəməyən, xallar itirən "Sumqayıt"a fasilə daha çox yarayacaq. Ayxan Abbasovun komandanı toparlaması üçün vaxta ehtiyacı vardı.

Hələlik arzulanan 4-cü pillədədirlər: futbolçuların fiziki, psixoloji özlərinə gəlməsi, zədəlilərin sağalması vacibdir. Turnir cədvəlində qərarlaşdıqları yerin qorunması üçün "Sumqayıt" özünə gəlib, dördüncü dövrəni birnəfəsə keçməlidir.

Sənan Qurbanovun fasilədə işi "lənət"dən yaxa qurtarmaq olacaq. Əgər başarsa. Tərlan Əhmədov sanki "Keşlə"ni ovsunlayıb gedib.

Premyer Liqa məşqçiləri ard-arda açıqlamaları ilə tribunalara həsrət qalan azarkeşləri darıxmağa qoymurlar. Messi, Ronaldo azlıq edirdi, indi cin-şeytanlar növbəsidir...

O qədər legioneri komandaya gətirməkdənsə, 3-5 molla, falçı, cadügar heyətə cəlb etsəydilər, indi "Keşlə" çempionluq uğrunda mübarizə aparırdı.

Yaraşmır.

Yerli məşqçilərə bu qədər şans verilir. Visente Qomeş də yola salındı. Hamısı özünüzsüz, yaşınız da 70-80-ə çatmayıb ki, deyəsən, qocalıq əlamətidi. Nə lənət, nə cadu-biti, yox bir, qapının ağzına zad eləmək...

Ay gözünüzə dönüm, işləyin, öz üzərinizdə çalışın, irəliləyin, qabağa gedin. İstəməyənin gözü kor olsun. Sonra da qapı-qapı gəzib, deyirsiz ki, bizə şans vermirlər, hələ bir jurnalistlərə də ağız büzürsüz.

Lənətə gəlmiş futbol, bundan böyük şans?

SPORTİNFO.AZ

Store Neftchi
Digər Xəbərlər
Xəbər Lenti