"5 həftə komanda ilə məşq eləmədim. Zədəmi müalicə elətdirdim. Təzə-təzə komanda ilə məşqlərə başlamışam".
Bu sözləri Sportinfo.az-a açıqlamasında "Sumqayıt"ın kapitanı Vurğun Hüseynov deyib.
Təcrübəli futbolçu son iki turu ehtiyat skamiyada olub, amma meydana çıxmamasına isə belə aydınlıq gətirib:
"Oyunlar üçün adım sifariş olunsa da meydana çıxmaq şansım demək olar sıfıra bərabər idi. Sadəcə kapitan kimi komandanın içində olmaq istəyirdim. Sırf komandanın yanında olmaq üçün sifariş ərizəsində adım vardı.
Baş məşqçimiz risk eləmək istəmirdi. Çünki yenidən zədə almaq ehtimalım vardı. Açığı, bizdə elə kollektivdir ki, formada olan-olmayan, oynayan-oynamayan hər kəs komandanın yaxşı nəticəsinə köklənir. Belə davam etsək, yaxşı nəticələrimiz çox olacaq".
Hüseynov qarşıdakı görüşlərdə oynamağa hazır olacağını sözlərinə əlavə edib: "Əlimdən gələni edəcəm ki, tam hazır olum. Baş məşqçimiz şans versə oyunda, şans verməsə isə meydandan kənar komandamın yanında olacam".

