“Sumqayıt” kimi söydürüb?

4 Mart 2021 17:40 Sumqayıt 715
“Sumqayıt” kimi söydürüb?

Bu gün AFFA İntizam Komitəsinin növbəti iclası keçirilib.

“Sumqayıt” – “Zirə” oyununda Əsasnamənin 9-cu bəndi (oyundan öncə, oyun vaxtı, oyundan sonra hakimlər briqadasının təhlükəsizliyini təmin etmək) pozulduğuna görə meydan sahibi klub 800 manat cərimə olunub.

Görəsən, hakimlər briqadasının təhlükəsizliyi öncəki oyunlardan fərqli, bu dəfə necə təmin olunub ki, bu, “kimyaçılar”ın 800 manat cəzalanmasına gətirib çıxarıb?

Demə, stadiona azarkeş daxil olub. "Kapital Bank Arena"da keçirilmiş qarşılaşmada təhlükəsizlik əməkdaşlarının ani diqqətsizliyindən istifadə edən fanat tribunada əyləşərək, oyunun hakimlər briqadasını təhqir edib. Fanat daha sonar ərazidən kənarlaşdırılıb.

Klubun mətbuat xidmətinin rəhbəri Rəşad Məmmədovun sualımıza cavabı belə oldu: "Kiçik anlaşılmazlıq baş verib. Verilən cəzaya heç bir ehtirazımız yoxdur. Bu barədə ətraflı şərh verməyə ehtiyac duymuruq".

Nazirlər Kabineti yanında Operativ Qərərgahın qərarına əsasən, idman yarışlarına azarkeşlərin buraxılması qadağandır. Bu hadisə isə onu göstərir ki, Sumqayıtdakı matçda Əsasnamə ilə yanaşı, karantin qaydaları da pozulub.

SPORTİNFO.AZ

Digər Xəbərlər
Xəbər Lenti