0:0-ın "SIĞORTA"SI

4 Mart 2021 09:40 Sumqayıt 775
0:0-ın "SIĞORTA"SI

Komandalar matça fərqli əhval ruhiyyədə yaxınlaşmışdı.

"Zirə" lider "Neftçi" üzərində vacib qələbə qazanıb, mövqeyini daha da möhkəmlətmişdi. "Sumqayıt" isə Qəbələ səfərindən əliboş dönmüşdü.

Qonşuların dueli maraqla gözlənilirdi. Sumqayıtlılara qələbə hava-su kimi lazım idi.

Evdə əsas rəqiblərdən biri ilə qarşılaşırdılar: xal fərqini azaltmaq üçün ələ yaxşı şans düşmüşdü. "Qəbələ" bu tur məğlub olsa da, ayağı tapdalamaq üzrədir. Ayxan Abbasovun yenidən keçmiş komandasına qarşı oynaması da əlavə stimul idi.

Görüş gözlənildiyi kimi başladı. İlk dəqiqələrdən əlahiddə gedişlər görünmədi. "Sumqayıt" emosiyalarına üstünlük verərək önə atıldı.

Meydanın rəqibə aid hissəsində 7-8 nəfərloə pressinq edir, onlara nəfəs almağa imkan vermirdi.

Futbol meydanı daha çox tatami, rinq meydanına bənzəyirdi. Arada qısa ərazilərdə mübarizə qaydasız döyüş növlərini xatırladırdı.

Sumqayıtlılar aşırı dərəcədə güc sərf edirdilər. Qonaqlar ikili mübarizələri tez-tez uduzsalar da, imkanları çərçivəsində qarşılıq verirdilər. Top rəqib yarıda planda, sumqayıtlılardan fərqli, başsız atlı kimi qabağa atılmırdılar.

Birəbir, zonaları bağlayaraq rəqib futbolçularının mövqe hücumlarına başlamasına mane olmağa çalışırdılar. Bu isə elə də effekti alınmırdı,

"Sumqayıt" mərkəzi rahat keçirdi. "Zirə"nin əsas üstünlüyü komanda intizamı, yarımmüdafiə, müdafiəçilərin arxada bir-birini sığortalaması, cərimə meydanlarını nəzarətdə saxlamaları idi.

Təzyiq çox olsa da, anlaşaraq dözürdülər. "Sumqayıt" bu dəqiqələrdə qol vursaydı, "Zirə"yə çətin olardı. Fəqət, bunu məntiqli qurulmuş kombinadiyalarla etmək əvəzinə, "na ura" etmək istədilər.

"Neftçi" kimi güclü heyətə malik komanda "Zirə"nin intizamını qıra bilmədisə, "Sumqayıt"ın ancaq təzyiq edib qol vurması çətin görünürdü.

"Zirə" meydanın mərkəzində, dayaq zonasında çətin anlar yaşasa da, qapısı qarşısında heç bir ciddi təhlükə yaranmırdı. Uzaqdan vurulan zərbələr ya "yanğınsöndürən" maşını nişan alırdı, ya da göydə dəniz kənarından pərvazlanan qağayılara pas alınırdı.

Mateus Albino ancaq 47-ci dəqiqədə nisbi sıçrayış etdi. İlk yarıda "Sumqayıt" özü-özünü yordu. Belə oyunları aparıcı futbol dövlətlərində aşağı liqa təmsilçiləri oynayır.

Taktiki-texniki gedişlərdən, futbolçuların fərdi ustalığından çox, "bey-beqi" futbolu. "Sumqayıt" sürəti qoruyub saxlamaq şərtilə təmkinli olsaydı, daha məhsuldar iş ortaya qoyardı. Ayxan Abbasovun mətbuat konfransında etiraf etdiyi kimi, 90 dəqiqəni belə tempdə oynamaq olmur.

"Zirə" ilk hissədə nə qədər təzyiqli anlar yaşasa da, texniki zonada Rəşad Sadıqov həmkarına nisbətən rahat görünürdü. Davit Volkovun yoxluğunda hücum xətti iflic vəziyyətə düşmüşdü.

Kapitan Ağabala Ramazanovun zədədən sonra belə matçlarda ikili mübarizələrdən qorunduğu hiss olunur. Hücumçulardan söz düşmüşkən, qarşılaşma ərzində zirəlilər 5-6 dəfə yersiz ofsayda düşdü.

Bunların yarıdan çoxu hücumlar zamanında baş vermədi: komanda yoldaşları mərkəzdə döyüşdükləri vaxt öndə yatıb qalır, oyundan qopur, hər mənada kənar düşürdülər.

"Sumqayıt" baş hakim İnqilab Məmmədovun yersiz "sarı" səhvindən hələ 15-ci dəqiqədən azlıqda qalmalıydı. Heç nədən Əli Qurbanini cəzalandıran referi az keçməmiş iranlının müdafiəçiyə qarşı açıq dirsək zərbəsini daha bir səhvlə "sığortaladı".

Keçilməz ikinci "sarı", ardınca qırmızı kart göstərilmədi. İnqilab istəmədən öz günahını yuyaraq, "Sumqayıt"ı azlıqda qoymadı. Bununla da "Zirə"nin əleyhinə, meydan sahiblərinin lehinə qərar vermiş oldu.

Fasilədən qayıdan "Sumqayıt" özünə bənzəmirdi. İlk hissədə "barıt"ı istifadə etmişdilər. Oyunda sürət, mübarizlik aşağı düşmüşdü. Bundan istifadə edən "Zirə" meydanın mərkəzini ələ aldı.

Təcrübəli Riçard Almeyda nizamlayıcı oyunuyla komandanın özünəinamını artırırdı. Ağabala nisbətən geri çəkilib mərkəzdən oyuna başlayanda, Klesionun köməyilə "Sumqayıt"a çətin anlar yaşadırdılar.

Açıq sezilirdi ki, "Zirə" Sumqayıta qələbə dalınca yox, heç-heçəyə gəlib. Rəqibindən xal alıb mövqeyini qorumaq əsas vəzifədir.

Ayxan Abbasov dönüş yaratmaq üçün daha təcrübəliləri meydana atdı. Artıq hər iki komanda yorulmuş, çox güc sərf etmişdi. Elvin Məmmədov, əsasən də Cavid İmamverdiyəv oyunun axarını dəyişə bildilər.

Cavidin ötürməsindən sonra Əli Qurbaninin zərbəsini braziliyalı qapıçı məharətlə dəf edib komandasını xilas edə bildi. İlk dəqiqələrdən qələbəyə oynayan "Sumqayıt" 1 xalla kifayətlənməli, "Zirə" isə nəticəyə oynamaq yollarını bir daha göstərmiş oldu.

SPORTİNFO.AZ

Digər Xəbərlər
Xəbər Lenti