İranlı legioner: “Azərbaycan yığmasına düşmək şansım çoxdur”

25 Yanvar 2021 12:40 Sumqayıt 679
İranlı legioner: “Azərbaycan yığmasına düşmək şansım çoxdur”

Qış fasiləsində İranın “Peykan” klubundan “Sumqayıt”a keçən Höccət Haqverdi parsfootball.com saytına müsahibə verib.

Sportinfo.az xəbər verir ki, 28 yaşlı mərkəz müdafiəçisi Premyer Liqa təmsilçisinə keçmə məqsədindən və gələcək hədəflərindən danışıb.

İranlı legioner yaxın gələcəkdə millimizə dəvət almaq perspektivindən də söz açıb.

- “Peykan”la müqavilənin ləğvinə necə razılaşdınız?
- Müqaviləyə xitam verməzdən əvvəl Azərbaycan liqası ilə yanaşı, başqa bir neçə ölkədən də təklif almışdım. Ancaq İran çempionatı ilə çox üstünlüklər və fərqliliklər var idi. Bu səbəbdən “Sumqayıt”ı seçdim.

- “Sumqayıt”dan təklif aldığınız zaman məsləhətləşdiyiniz bir futbolçu oldu?
- İlk əlaqə saxladığım oyunçu Mehdi Şərifi oldu. Çünki o, bir müddət əvvəl “Sumqayıt”da çıxış edib, Azərbaycandakı durumu, bu ölkənin çempionatını, milli komandasını yaxşı bilir. Azərbaycandakı yaşayış şərtlərini də digər ölkələrlə müqayisə etdikdən sonra bura gəlmək qərarını verdim. Buradakı oyunlar Avropada izlənilir və Azərbaycandan daha böyük liqalara getmək imkanın var.

- Bu sadaladıqlarınız sizi Azərbaycan çempionatında oynamağa inandırdı?
- Müqavilə müddətim o qədər də çox deyil. Ancaq İrandan fərqli, futbolçu müqaviləsində yazılan pulun hamısını alır. İranda isə hər il müxtəlif səbəblərdən sözləşməyə tam əməl edilmir. Bundan əlavə, burada oyunçu xüsusi stadionda, yaxşı ot örtüyündə oynayır, hər cür şəraiti olur. İranda belə şərait yoxdur və oyunçular problemlə qarşılaşırlar. Hətta bir çox komandanın məşq meydançası və geyim kimi əsas məsələlərdə problemi olur. Bir çox təməl məsələlər problem içindədir. Amma Azərbaycan futbolunda hər şey yerindədir və hər bir komandada 5-6 yaxşı əcnəbi oyunçu var.

- “Sumqayıt”la müqavilənizin müddəti nə qədərdir?
- “Sumqayıt”la sözləşməm yarım mövsümlük, 5 aylıqdır. Buraya gəlmək və peşəkar liqanın şərtlərini yaşamaq istədim. Hazırda turnir cədvəlində dördüncü yerdəyik, yaxşı mövqeyə malikik. Çempion Çempionlar Liqasına, digər üç komanda Konfrans Liqasına yollanır. Dördüncü yerdə olduğumuz üçün hazırda avrokubokda iştirak etmək şansımız var. Bu yeri də itirmək istəmirik. Liqada 8 komanda var. Gücünə görə “Qarabağ” birinci, “Neftçi” ikincidir. “Qarabağ” adətən Çempionlar Liqasında iştirak edir. “Qarabağ” və “Naftçi”dən başqa, digər 6 komanda eyni səviyyədədir. Rəhbərliyin istəyi avrokuboka yollanmaqdır. Dördüncü yeri tutmaqla bu hədəfi reallaşdıra bilərik.

- Müqavilə müddətini uzada bilərsiniz?
- Bəli, burada yarım mövsümdən çox oynaya bilərəm. Əslində peşəkar liqanın şərtlərini daha çox görmək istərdim. Çünki buradakı oyunçular klubların və menecerinin nəzarəti altındadır, böyük komandalara, güclü liqalara getmək üçün yaxşı platformadır. Əslində hər şey futbolçunun performansından asılıdır. Azərbaycanda yaxşı oynasan, mütləq daha böyük komandalara və güclü liqalara gedərsən.

- “Persepolis” də sizinlə maraqlanır. İran liqasına qayıtmayacaqsınız?
- Mövsümün əvvəlində “Persepolis”dən təklif var idi. Amma o dövrdə “Peykan”da orta sahədə cəmi bir təcrübəli oyunçu olduğundan komandada qalmağımı istədilər. Daha sonra gənclər kollektivə qoşulub rəqabəti artırdığından, rəhbərlik ayrılmaqla bağlı istəyimi müsbət qarşıladı.

- İran millisinə dəvət almaq şansını heç vaxt əldə etməmisiniz?
- Hazırda 28 yaşım var və milliyə dəvət almaq şansımın olduğunu hesab edirəm. 31 yaşlı bir futbolçu çağırılırsa, düşünürəm ki, Azərbaycan çempionatından yığmaya düşmək şansım çoxdur. Bir müddət əvvəl dəvətim bir neçə dəfə müzakirə olundu, amma seçmə mərhələ oyunları ərəfəsində olduğumuz üçün belə bir şans əldə etmədim. Yığmaya çağırılacağıma ümidliyəm.

Digər Xəbərlər
Xəbər Lenti
26 Aprel 18:10 Çək və bizə göndər!
26 Aprel 01:40 "O, bizə yalan dedi"