"Komandada boş yer yoxdur" - Ayxan Abbasov

22 Yanvar 2021 18:30 Sumqayıt 858
"Komandada boş yer yoxdur" - Ayxan Abbasov

“Çempionat yenidən başladı. İnanıram ki, hər oyun belə gərgin keçəcək”.

Sportinfo.az xəbər verir ki, bunu “Sumqayıt”ın baş məşqçisi Ayxan Abbasov Azərbaycan Premyer Liqasının XIV turunda “Keşlə” ilə keçirilən oyun barədə danışarkən deyib.

Səfərdə 1:0 hesablı qələbə qazanan “gənclik şəhəri” təmsilçisi 4-cü pillədəki mövqeyini qoruyub. Qarşılaşmadan sonra təşkil edilən mətbuat konfransında Abbasovun qalibiyyət şərhi belə olub: “Bu qələbəyə ehtiyacımız var idi. Bir çox oyunlarda məğlub olduq. Xəstəlik səbəbindən bir çox oyunçularımız olmadı, bəzi matçlara məcburiyyətdən çıxdıq. Bu gün isə ikinci qolu vurmalı idik. Belə oyunlarda rəqibin sonda üstümüzə gələcəyini bilirdik. Əks-hücumlar etsək də, yararlana bilmədik. Ümumilikdə oyunçularımdan razıyam. Bilirəm ki, ilk üç tur formaya düşmək baxımından ağır keçəcək”.

- Bu matça əsasən hansı mənfi və müsbət tərəfləri götürüb növbəti turda "Səbail"lə görüşə hazırlaşacaqsınız?

- Çempionatımızda autsayder yoxdur. "Səbail"in dünənki oyunu da bunu göstərdi. Ondan əvvəl bizim kubok oyunlarımız var. "Neftçi" və "Qarabağ" istisna olmaqla hansısa komandanı favorit saymaq olmaz. "Səbail" xoşuma gələn komandadır.

- "Keşlə"dəki əzmkarlıq, yoxsa komandadakı arxayınlıq ikinci hissəni zəif keçirməyinizə səbəb oldu?

- "Keşlə" hücuma daha çox atıldı. Vüqar Mustafayevi arxaya çəkdikdə orta xətt effektiv olmadı. Rəhim Sadıxov hələ formada deyil, xəstəlikdən çıxıb. Bəli, başqa cür oyun gözləyirdim. İkinci qol, bəlkə də, daha çox qola yol açardı. Rəqib standart vəziyyətlərdən fərqlənməyə çalışırdı. Bir neçə belə imkanı da oldu.

- Kərəm Sultanovun gedişi nə ilə bağlı idi?

- Kərəm pis futbolçu deyil. Ağır zədədən çıxmışdı. Ümid edirdik ki, uyğunlaşar. Avrokubok oyunu idi, transfer etməli idik. Kərəmə stabil oynamaq lazım idi ki, formaya düşsün. Amma bizdə bu imkanı çox əldə etmədi.

- "Transfer pəncərəsi" sizin üçün bağlanıb?

- Bizə təklif olunan futbolçular barədə fikirləşdik. Cinahlarda problemlər var idi. Komandaya qayıdan Mehdi Şərifi çox istəklidir. Gələn matçlarda əsas heyətdə meydana çıxa bilər. Höccət Haqverdiyev birinci hissəni yaxşı keçirdi, amma zədələndi. Komandada boş yer yoxdur. Bütün fikrimiz çempionatadır.

Digər Xəbərlər
Xəbər Lenti
30 İyun 18:10 Çək və bizə göndər!