Məlum olduğu kimi, Ayxan Abbasov mayın sonunda «Şamaxı» ilə yollarını ayıracaq.
O, bundan sonra yalnız millidə çalışacağını açıqlayıb.
Axır iki ildə «şirlər»i Premyer Liqada saxlamağı bacaran mütəxəssisi, böyük ehtimalla, əcnəbi əvəzləyəcək. Hər halda klub rəhbərliyi üzünü xaricə çevirib, ölkədən kənarda axtarışa çıxıb.
Səbəb o deyil ki, «Şamaxı»nın növğəti mövsümdən etibarən maddi dayaqları güclənəcək, iddiası artacaq, avrokuboklara vəsiqə uğrunda mübarizə aparacaq.
Gündəlikdə belə bir məsələ yoxdur. «Şamaxı» nə yeni tərəfdaş tapıb, nə sponsor. Şərait də, büdcə də həminki olacaq.
Elə rəhbər postda əyləşənlər də. Kimlər varsa, yerindədir və yerində də qalacaq. Sadəcə və sadəcə…
klubun bütün təşkilati işlərini təkbaşına görən Kamran İsmayılov Ayxan Abbasovdan sonra hansısa yerli mütəxəssislə çalışa biləcəyini güman etmir.
Rəsmiyyətdə baş menecer vəzifəsini tutan, gerçəkdə isə «Şamaxı»nı idarə edən yeganə funksioner odur.
Burada hər problemin arxasınca qaçan, hər məsələyə məsul şəxs İsmayılovdur. O, istəməsə, kimsə «Şamaxı»da uğurlu ola bilməz.
SPORTİNFO.AZ

