"Bizə vəd ediblər ki, çempionat bərpa olunsa..."

14 May 2020 21:00 Səbail 772
"Bizə vəd ediblər ki, çempionat bərpa olunsa..."

Sportinfo.az xəbər verir ki, "Səbail"in ukraynalı qapıçısı Aleksandr Rıbka ölkəsinin "Footboom" saytının suallarını cavablandırıb.

- Azərbaycan Premyer Liqasının mayın 23-də bərpa olunacağı gözlənilirdi. Amma görürük ki, bu baxımdan hər hansı dəyişiklik yoxdur. Hazırda vəziyyət necədir?

- Bəli. Həqiqətən də, hamı gözləyirdi ki, çempionat mayın 23-də bərpa olunacaq. Lakin sonradan karantin müddəti mayın 31-dək uzadıldı. Bu isə öz növbəsində futbolun geri dönüş tarixinə təsir etdi. İndiki məqamda nəyin baş verəcəıyi bilinmir. Amma söz-söhbət gəzir ki, klublar mayın 15-dən məşq prosesinə başlaya biləcəklər. Düzdür, hazırda rəsmi təsdiq yoxdur. Hökumət yaxın günlərdə bunu müzakirə etməlidir. İstərdik ki, razılıq verilsin. Açığı, yenidən məşqlərə başlamağı çox istəyirəm. Deyəsən, indi başlamasaq, çempionatı başa çatdırmaq çətin olacaq. Bütün klublar və liqa rəhbərliyi yarışın bərpasının tərəfdarıdır. Federasiya mövsümü başa çatdırmaq üçün əlindən gələni edir. Bir sözlə, hamımız gözləyirik.

- Məşq prosesiniz necə keçir? Kiçik qruplar şəklində hazırlaşmağa icazə verilib?

- Son vaxtlar heç bir xüsusi dəyişiklik baş verməyib. Hər şey əvvəlki qaydada davam edir: günaşırı onlayn məşq, həftədə 2-3 dəfə boş ərazilərdə qaçmaq üçün evdən çıxıram. Çünki küçələrdə bunu etmək məsləhət görülmür. Uşaqlarla oturub ən azndan məşq üçün meydana qayıtmaq istəyirik.

- Azərbaycanda koronavirusla bağlı vəziyyət nə yerdədir? Hələ də küçəyə çıxmaq üçün SMS tələb olunur?

- Statistikaya inanmamağıma baxmayaraq, karantin rejiminin yumşaldılmasından sonra küçələrdə daha çox insan olur ki, bu da yoluxma hallarının əvvəlki göstəriciləri üstələməsinə səbəb olub. Vəziyyət hazırda mürəkkəbdir. Hər şey - ciddiyyət və məhdudiyyət olduğu kimi qalır. Yalnız yeni təyinatla işləyən gözəllik salonları və bərbərxanalar açılıb. Eyni anda qapalı məkanda maksimum 2 nəfər ola bilər. SMS-ə gəlincə, burada da müəyyən yumşalma var. SMS-i əvvəlkitək küçəyə çıxmazdan əvvəl göndərmək lazımdır. Amma artıq küçəyə 2 deyil, 3 saatlıq çıxa bilərsiniz. Kiçik, amma xoş dəyişiklikdir.

- Ukrayna futbolunda koronavirusa ilk yoluxma halı aşkarlandı. Orada necə, oyunçuları yoxlayırlar?

- Hazırda Azərbaycan futbolunda rəsmi olaraq belə bir şey baş verməyib. Heç bir klubda hələlik test və analiz götürülməyib. Düşünürəm ki, məşqlərə icazə verilsə, mümkün yoluxmadan qaçmaq və yayılmanın qarşısını almaq məqsədilə bütün futbolçuları diqqətlə yoxlayacaqlar.

- Necə düşünürsünüz, optimal formanı yığmaq üçün 2 həftə kifayət edəcək, yoxsa daha çox vaxt lazımdır?

- Bilmirəm. Dünya ilk dəfədir belə bir problemlə üzləşib: evdə 4 divar arasında oturmaq. Qış tolanışlarının təcrübəsi göstərir ki, 2-3 həftə oyunçuların matçlara hazır olması üçün bəs edir. Bizə vəd ediblər ki, çempionat bərpa olunsa, futbolçulara təlim-məşq toplanışı üçün 3 həftə vaxt verəcəklər. Düşünürəm ki, bu müddət ərzində karantində itirdiklərimizi geri qaytarmalıyıq.

- Yenidən meydançaya qayıtmaqla bağlı qorxu yoxdur?

- Düşünürəm ki, Azərbaycandakı əksər futbolçuların belə narahatlığı yoxdur. Hamısı məşq prosesinin qayıtması üçün daha çox səy göstərirlər. Ən çox legioner futbolçular bu fikirdədirlər. Adi həyat tərzinə qayıtmaq istəyirik. Mövsüm yenidən davam edərsə, bir çox yoldaşım kimi, mənim də koronavirusla bağlı böyük qorxularım yoxdur. Heç kimdən belə bir şey eşitməmişəm. Amma əksini istisna etməzdim. Çünki ünsiyyət qurmadığım çox oyunçu var. Düşünürəm ki, onların arasında buna görə narahat olan uşaqlar da var.

- Bu vəziyyətdə klublar əcnəbilərə necə kömək edir?

- Belə vəziyyətdə klublar legionerlərə xüsusi heç nə ilə kömək edə bilmirlər. Onlar da futbolçular kimi gözləmə mövqeyindədirlər. Klublar bildiriblər ki, çempionatın gələcəyi müəyyənləşəndən sonra əcnəbilərin vətənlərinə qayıtmalarına kömək edə biləcəklər. Mövsüm davam etdirilməsə, federasiya ilə birlikdə hamını ölkəsinə göndəməyin yollarını axtaracaqlar. Bu sual bir çox legioneri narahat edir. Bu yaxınlarda "Neftçi"dən Anton Krivotsyukla birlikdə səfirliyə getməyi və evə mümkün dönüşlə bağlı məsləhətləşmələr aparmağı planlaşdırırıq. Bütün mümkün variantları bilmək istəyirik.

- Bilirik ki, siz uşaqlarla nadir hallarda görüşürsünüz. İndi necə əlaqə saxlayırsınız?

- Əlbəttə, görüşməyə can atırıq. Evdə tək otursam, dəli olaram. Komanda yoldaşlarımla görüşür, söhbətləşmək, şam etmək, hər şeydən yayınmaq üçün bir neçə saatlıq bir-birimizə qonaq gedirik. Dünyanın hər yerində olduğu kimi böyük əyləncələr, təəssüf ki, yoxdur. Görüş zamanı bütün tələbləri yerinə yetirməyə və qaydaları pozmamağa çalışırıq.

- Fikrinizcə, futbolçular çempionatın bərpasına necə hazırlaşırlar?

- Buna birmənalı cavab vermək çətindir. Mütləq cavab vermək çətindir. Gələcək turnirin tamamilə fərqli variantlarını və ssenarilərini eşitmişəm. Oyunçuların istəkləri də fərqlidir. Bilirəm ki, bir çox yerli uşaqlar çempionatın davam etdirilməsinin tərəfdarıdır. Mən də oynamalı olduğumuzu düşünürəm. Amma yalan danışmayacağam: həqiqətən də, evə getmək, ailəmi və qohumlarımı görmək istəyirəm. Belə həyat tərzindən sonra, yəqin ki, psixoloji yorğunluq hələ qalacaq.

- Yəqin, doğmalarınızdan ayrı qalmaq sizi daha çox narahat edir...

- Əlbəttə, həyat yoldaşımdan, uşaqlarımdan, valideynlərimdən, doğmalarımdan bu qədər vaxt ayrı qalmaq ağırdır. Hamısı üçün o qədər darıxıram ki, düzü, bunu sözlə ifadə etmək mümkün deyil. Hazırkı vəziyyətdə onlardan ayrı qalmaq məni daha çox incidir. Tanrıya şükürlər olsun, texnologiya o qədər inkişaf edib ki, günlərlə onlarla söhbət edib, bir-birimizi görə bilirik.

- Bu aylarda Bakıda karantində qalmaq necə hissdir?

- Açığı, 2 həftə məşq etməyəcəyimizi deyəndə panikaya düşdüm. Təsəvvür belə edə bilməzdim ki, bu müddəti evdə necə keçirə bilərəm. Ukraynaya getməyə çalışdım, amma qalmağımı xahiş etdilər. Çünki çempionatın yenidən başlaması ilə bağlı fikirlər var idi. Artıq iki ay keçib və elə bir hiss var ki, vaxtın necə keçdiyini bilməmişəm. Vaxt bir göz qırpımında keçdi. Bilirsiniz, necə deyərlər, insan hər şeyə alışır. Beləliklə, Bakıda belə bir həyata tamamilə uyğunlaşdım. İlk üç həftə çox ağır idi. Sonradan hər şey rejimə düşdü. Bəzi şeyləri yenidən düşünmək, özümüzdə nələrisə dəyişmək üçün vaxtımız oldu. Belə deyək, ağlımı itirmədim, vəziyyətə öyrəşib qarşısını ala bildim.

- Bu müddət ərzində nəyi öyrəndiniz, özünüz üçün yeni nə kəşf etdiniz?

- Çox sayda filmlərə, seriallara baxdım. İndi kulinariyanın əsaslarını öyrənirəm. Evə tam hazır vəziyyətdə getmək və öz "şah əsərləri"mlə ailəmi təəccübləndirmək istəyirəm (gülür).

- Hansı yeməkləri Saşa Rıbkanın "şah əsəri" adlandırmaq olar?

- Açığı, artıq çoxunu, hətta borş da bişirə bilirəm (gülür). Son vaxtlar hazırladığım ən dadlı xörək sobada bişmiş toyuq və göbələk, eyni zamanda plovdur.

- Son olaraq, karantindən götürdüyünüz 3 dərs hansı oldu?

- İlk növbədə heç vaxt ruhdan düşmək və ümidini itirmək olmaz. Bütün problemləri normal qarşılamaq və onların içindən başıuca çıxmaq lazımdır. Necə deyərlər, hər şeyin öhdəsindən gəlməyi bacarmalısan. İkincisi, hər bir həyat təcrübəsi bu mənada qəbul edilməlidir. Düşünürəm ki, dünyadakı bu vəziyyət hamımıza çox şey öyrətdi. Üçüncüsü, hətta dərs deyil, arzudur. Bu sözləri oxuyan hər kəsə - məşqçilərə, azarkeşlərə, futbolçulara möhkəm cansağlığı arzulayıram. Əsas odur ki, hamı sağlam olsun və özünə fikir versin. Hazırda bu, ən vacib şeydir. Bu mürəkkəb anda çətin yük daşıyan və bir çox insanın həyatı üçün intensiv mübarizə aparan, yollarını dəyişməyən və təhlükədən qaçmayan həkimlərə xüsusi təşəkkür edirəm.

Digər Xəbərlər
Xəbər Lenti
19 Aprel 16:30 Çək və bizə göndər!
19 Aprel 02:50 Nicat yenə məğlub oldu