"Hazırkı pillələrə görə avrokuboklara vəsiqə verilməlidir"

7 May 15:46 Səbail 194
"Hazırkı pillələrə görə avrokuboklara vəsiqə verilməlidir"

"Məşqlərə hazırlaşmaq istəyir, karantin rejiminin bitəcəyinə ümid edirdik. Amma belə qərarın verilməsi gözlənilməz oldu".

Sportinfo.az xəbər verir ki, bu fikirləri "report"a açıqlamasında "Səbail"in futbolçusu Rauf Əliyev Azərbaycanda karantin rejiminin uzadılmasına münasibət bildirərkən deyib.

31 yaşlı hücumçu bu qərarın ona pis təsir etdiyini söyləyib: "Əlbəttə, ümumi vəziyyət bizim üçün pis oldu". Neynəyə bilərik? Dövlət belə qərar verib, hamı kimi buna əməl etməliyik. Amma bu hadisələr futbol üçün zərbədir.

İki aydır ki, evdəyik. Hər şey bir-birinə qarışıb, bütün günü evdəyik, bu, çox çətin həyatdır. Hər gün ev şəraitində olmaqdan bezirsən və işin üçün darıxırsan. Özümü cəmləməyə çalışsam da, yuxu rejimim pozulub".

Əliyev evdə etdikləri məşqin meydandakılarla eyni olmadığını vurğulayıb. O, çempionatın bərpasına ümidinin azaldığını söyləyib: "Əvvəllər Premyer Liqanın başlayacağına 60-70 faiz inanırdım. İndi isə 10-15 faiz inamım qalıb. Çünki hazırlaşmaq üçün bizə vaxt lazımdır.

İndiki şəraitdə 2-3 günə Premyer Liqaya başlasaq, vaxtımız olar. Amma deyilənə görə, mayın 11-də yenə hansısa qərarlar verilməlidir. Əslində, mayın 11-dən sonra da vaxt çox azdır. Ona görə də ümidimiz xeyli azalıb".

Təcrübəli forvard başqa ölkələrdə koronavirusa yoluxmanın çox olduğu halda, mövsümün bərpa vaxtının açıqlanmasına, Azərbaycanda isə bu yöndə hər hansı irəliləyişin olmamasına da münasibət bildirib:

"Bu, həqiqətən də, mənə maraqlıdır, yüzlərlə ölümün qeydə alındığı İspaniya,Türkiyədə çempionat başlayır, bizdə isə yox. Əslində, heç kim istəməz ki, problemli vaxtda çıxıb meydanda rahat oynasın.

Amma o ölkələrdə vaxt təyin olunursa, bizdə də işıq ucu görünməli idi. Amma belə olmasının səbəbini bilmirəm, bizdən asılı heç nə yoxdur. Belə qərar verirlər və heç nə deyə bilmərik. Hər gün oxuyuram ki, hansısa ölkədə bərpa vaxtı açıqlanıb".

Əliyev mövsümün ləğv olunma ehtimalına da toxunub. O deyib ki, heç kim çempionatın dayandırılmasını istəməz: "Haqq-ədalətin öz yerini tapması üçün çempionat davam etdirilməlidir. Dayandırılsa, hazırkı pillələrə görə avrokuboklara vəsiqə verilməlidir. Söz-söhbətlərin olmaması üçün davam etsə, yaxşı olar".

Mövsümün sonunda müqaviləsi başa çatacaq hücumçu hələ ki, klubla danışıq aparmadığını sözlərinə əlavə edib: "Hamı bütün fikrini çempionatın bərpa olunmasına yönəldib, ona görə də danışmamışıq. Yəqin ki, daha sonra danışarıq və hansısa qərar verərik".

Azərbaycan Premyer Liqası martın 13-də koronavirus pandemiyası səbəbindən yarımçıq dayandırılıb. Peşəkar Futbol Liqası daha əvvəl mayın 4-də ölkədə karantin rejimi ləğv olunacağı halda, mayın 21-də I Divizionun, mayın 23-də isə Premyer Liqanın bərpasının nəzərdə tutulduğunu açıqlayıb.

Amma karantin rejiminin mayın 31-dək uzadılması futbola tətbiq olunan qadağanın qüvvədə qalmasına səbəb olub.

Xəbər Lenti
30 May 13:26 Holanda göz dəydi?