"Heç bilmirik çempionat olacaq, ya yox" - MÜSAHİBƏ

17 Mart 2020 20:20 Səbail 823
"Heç bilmirik çempionat olacaq, ya yox" - MÜSAHİBƏ

"Səbail"in yarımmüdafiəçisi Vüqar Bəybalayev Sportinfo.az-a müsahibə verib

- Koronavirusla bağlı ölkə çempionatına fasilə verildi. Bu müddətdə nə ilə məşğulsan ve fasilə hansı fəsadlara səbəb ola bilər?

- Bu şərait bəllidir ki, hamı üçün yaxşı olmadı. Oyunlarla bərabər məşqlər də dayandı. Bu istər-istəməz futbolçuların formalarına mənfi təsir göstərəcək. Amma mən özüm fərdi məşqlərimi davam etdirirəm. Dənizə yaxın qalıram deyə, tez-tez gedib qaçıram. Fitnes zalları bağlı olsa da özümün evdə məşq etməyim üçün şəraitim var.

- Məşqlərin və oyunların olmadığını nəzərə alsaq, yəqin ki, boş vaxtın çox olur. Nəyəsə xüsusi vaxt ayırırsanmı?

- Xüsusi nə iləsə məşğul olmuram. Evdə oluram, məşqlərimi edirəm, playstation oynayıram. Saat 9-dan sonra şəhərdə hər yer bağlı olur.

- Koronavirusla bağlı hansısa xüsusi tədbirlər görürsənmi?

- Əlimi tez-tez yuyuram. Spirtlə dezinfeksiya edirəm. Mümkün qədər təmasdan qaçıram. Kənara çox çıxmıram, demək olar evdə oluram. Playstation salonlarına tez-tez gedirdim. Xoşlayıram oynamağı. İndi onunla da evdə məşğul oluram.

- Artıq neçə aydı əsas komandadan kənardasan. Əvəzedicilərdə işlərin necə gedir?

- Məşqlərimiz yaxşı gedir. Məşqlərdən əlavə özüm də fərdi olaraq çalışıram ki, formadan düşməyim. Komandada cavan, perespektivli, istəkli uşaqlar var. Əsas komandalara düşmək üçün həvəslə çalışırlar. Çatışmayan tək şey gənclərin oyunlardakı təcrübəsizliyidir.

- Düşünmürsən ki, əsas komandadan kənarda qalmaq formanda enişə səbəb ola bilər?

- Fərqlər var, amma məşq olaraq burda da məşqlərimizi edirik. Bacardığım qədər daha artıq çalışıram. Həftədə bir neçə dəfə xüsusi məşqçimlə məşqlər edirəm. Oyunlarda fərq hiss oluna bilər. Amma öz formamda geriləmə hiss etmirəm. Çünki oyunlara da davamlı olaraq çıxıram. Növbəti sezon harda olmağımdan asılı olmayaraq çətinlik çəkəcəyimə inanmıram. Formamı itirmək yox, hətta daha da yaxşı olmaq üçün çalışıram.

- Növbəti sezon "Səbail"də qalmaq ehtimalın hələ də varmı?

- Futbol elədir ki, sabah nə olacağı bilinmir. Dünənə kimi çempionatda 8 tura qalırdı. Amma indi heç bilmirik çempionat olacaq, ya yox. Ona görə də bu haqda danışmaq hələ tezdi. Bunu zaman göstərəcək necə olacaq.

- Əsas komandadan ayrıldıqdan sonra baş məşqçi Aftandil Hacıyevlə hər hansısa söhbətin olubmu?

- Açığı, belə bir söhbətimiz olmayıb. Heç mən də yaxınlaşmamışam. Amma Aftandil müəllimlə münasibətimiz çox yaxşıdır. Görəndə özü də yaxından maraqlanır.

- "Səbail" hazırda 7-ci yerdə qərarlaşır. Səncə, komandan avrokuboklara vəsiqə qazana biləcəkmi?

- Əlbəttə, şanslarımız var. 7-ci yerdə olmağımıza baxmayaraq, 4-cü yerdən 3 xal geridəyik. Həm riyazi baxımdan, həm də şəxsi düşüncəmə görə də şanslar var. Hər şey komandanın özü əlindədir.

- 3 aydan artıq müddətdir ki, Milli komandamızda baş məşqçi postu boşdur. Sən nə düşünürsən bu barədə?

- Yəqin ki, ideal seçim etmək istəyirlər. Bacardıqları qədər ən yaxşısını, millimizə daha uyğun olan birini tapsınlar. Sıradan bir seçim etməmək üçün bu qədər götür-qoy olunur. İnanıram ki, ən yaxın vaxtda layiqli bir baş məşqçi millimizin başına gələcək

- Millətlər Liqasında Kipr, Lüksemburq və Monteneqro milliləri ilə mübarizə aparacağıq. Şansları necə dəyərləndirirsən?

- Komandamızın bu qrupdan çıxmağa şansı var. Millimizdə o potensialı görürəm. Rəqiblər arasında Kipri daha dişli rəqib kimi görürəm.

Digər Xəbərlər
Xəbər Lenti
23 Aprel 18:40 “İki seçimimiz var”
23 Aprel 16:30 Çək və bizə göndər!