Abdullayev “Səbail”ə xahiş-minnətlə legioner götürür

7 Dekabr 2019 21:22 Səbail 1 187
Abdullayev “Səbail”ə xahiş-minnətlə legioner götürür

“Keşlə” - “Sumqayıt“ matçını izləyənlər arasında Braziliyadan gələn menecer və futbolçunun olduğunu xəbər vermişdik.

Futbol agenti ilə söhbətdə məlum olmuşdu ki, Bakıya iki futbolçu gətirib ki, onlardan biri - italyan əsilli Venesuela vətəndaşı olan Leonardo Xose Paçe Lares artıq iki həftədən artıqdır “Səbail”in məşqlərində iştirak edir.

Dayaq yarımmüdafiəçisi mövqeyində çıxış edən futbolçu karyerası ərzində Braziliyanın "Kruzeyro" və Portuqaliyanın "Pakuş Ferreyra" klublarının aşağı yaş qruplarında forma geyinib. 21 yaşlı oyunçunun son komandası İtaliya "Kalyari"si olub.

Bugünlərdə venesuelalı yarımmüdafiəçi “Instaqram” səhifəsində “Səbail”in formasında “ASCO Arena”da şəkil paylaşıb. Ancaq saytımıza açıqlama verən “dənizçilər”in baş məşqçisi Aftandil Hacıyev hazırda komandanın məşqlərində yeni legioner futbolçunun olmadığını bildirmişdi:

“Onun üzünü ilk dəfə sizin saytda gördüm. Mənə də qaranlıq qaldı ki, bura necə gəlib və kim çağırıb. Üstəlik, tanımadığım futbolçunun əyninə "Səbail"in formasının geyindirilməsi… Çox müəmmalıdı. Amma bunu mütləq araşdıracam.

Çempionatda qış fasiləsinə az qalıb, problemlərimiz onsuz da çoxdur və belə bir vaxtda hansısa legioneri baxışa çağırmaq yersizdi. Pul var ki, yeni futbolçu da gətirək? Birinci komandada olanların maaşları vaxtında ödənilsin".

Baş məşqçinin söylədiklərindən belə çıxır ki, kimlərsə Aftandil bəyin xəbəri olmadan düşərgəyə oyunçu dəvət edir, ona klubun formasını verib məşqə çıxarır. Bu isə hazırda sonuncu pillədə qərarlaşan komandanın baş məşqçisinə hörmətsizlik deyilmi?

Sportinfo.az hamıya qaranlıq qalan bu mövzunu araşdırıb. Məlum olub ki, adıçəkilən legioner “Səbail“ə Tamerlan Abdullayev vasitəsilə gəlib.

Daha doğrusu, tanışları klubun rəhbərindən venesuellalı futbolçuya baxışdan keçməsinə şərait yaratmasını xahiş edib və bəyənilərsə, çox cüzi maşa müqavilə bağlamağa hazır olduğunu deyiblər. Odur ki, Paçe əsas komandaya deyil, əvəzedici heyətin sıralarına göndərilib.

Digər Xəbərlər
Xəbər Lenti