«Turan Tovuz»un məşqçisi Cavid Hüseynov tezliklə iş yerini dəyişə bilər.
İyulda Kurban Berdiyevin köməkçisi təyin edilən mütəxəssis «Səbail»dən təklif alıb.
Hüseynovun arzusu yenidən müstəqil olaraq çalışmaqdır. 2022/23-cü il mövsümündə «Şamaxı»ya rəhbərlik edən Cavid bəy indi Bayıl təmsilçisindən aldığı çağırışa həvəslə yanaşır.
Bir neçə tanış məşqçiylə əlaqə saxlayaraq, «Səbail»də birgə işləmək istəyib-istəməmələri ilə maraqlanıb.
Şahin Diniyev 2022-ci ilin dekabrından bəri «dənizçilər»in sükanı arxasında əyləşib. Burada heç kim onu istəmir. Hətta klubun himayədarı olan Rauf Vəliyev də.
«Xəzər Dəniz Gəmiçiliyi»nin İdarə Heyətinin sədri hələ mayda baş məşqçini dəyişməkdə qərarlı idi. Fəqət, mötəbər şəxslərdən birinin müraciətindən sonra Diniyevə dəymədi, müqavilə 1 illik yeniləndi.
Əlbəttə, indi çox şey nəticələrdən asılıdır. Bayıl təmsilçisi Premyer Liqada yeni mövsümə bərbad başlayıb, üç turun ikisində məğlubiyyət alıb, cəmi 1 xal toplayıb.
Gedişat yaxşı heç nə vəd eləmir. Uğursuzluqların davamı gəlsə, Vəliyev dəyişikliyə əl atmaq məcburiyyətində qalacaq.
Sponsorun Hüseynovla tanışlığı isə «Cəbrayıl»dan yaranıb. Hər halda ikisi də bir rayondandır. Üstəlik, Vəliyev və dostları ötən mövsüm II Liqada mübarizə aparan komandaya qeyri-rəsmi formada maliyyə dəstəyi verib.
Başqa sözlə, gənc məşqçinin «Səbail»ə gətirilməsi birbaşa Vəliyevin təşəbbüsüdür. Əgər onunla yüksək səviyyədə təmas qurulmasaydı, Hüseynov belə canfəşanlıqla hərəkətə keçməzdi.
SPORTİNFO.AZ