"Səbrli olmağa çalışdıqca, görürəm ki, daha da ağ edirlər, özümdən çıxıram"

18 Noyabr 2023 03:10 Səbail 680
"Səbrli olmağa çalışdıqca, görürəm ki, daha da ağ edirlər, özümdən çıxıram"

AFFA-nın İntizam Komitəsinin iclası keçirildi.

İclasda qəbul olunan qərarlardan biri də, noyabrın 9-da U-17 liqasında baş tutan "Sabah” - "Səbail” matçı ilə bağlı idi.

"Səbail”in baş məşqçisi Ramil Həbibov hakimlərə etiraz etdiyinə görə ikioyunluq cəzalandırıldı. Mütəxəssis isə cəzanın haqsız olduğunu düşünür.

Sportinfo.az xəbər verir ki, Həbibov qaynarinfo-ya açıqlamasında cəzasına bu şəkildə münasibət bildirib.

"Düşünürəm ki, qərara etiraza görə, iki deyil, bir oyunluq cəza veilməlidir. Oyun vaxtı iki epizod oldu. Top ayaqdan çıxandan sonra hücumçuya çatdı. Daha sonra yan hakim bayrağını qaldırdı. Azdan-çoxdan məni tanıyırsınız, futbolçu olmuşam. Hakimə dedim ki, düzgün qərar vermirsiniz. Yəni top ayaqdan çıxan anda ofsaydın olub-olmadığını müəyyənləşdirməli idilər. Hakim isə top oyunçuya çatdıqdan sonra bayrağı qaldırdı. Hər iki halda da eyni qərar qəbul etdi. O gün "Qəbələ” ilə oynayanda da oxşar hallar yaşanmışdı. Hamısının videotəkrarı var bizdə. 2-3 metr açıq ofsaydı buraxırlar. Top ayaqdan çıxanda baxmırlar, hücumçuya çatandan sonra oyunu saxlayırlar. Buna görə etiraz etmişdim. Ümumiyyətlə səbrli olmağa çalışıram. Görürəm ki, futboldan uzaq adamlardır, amma hakimlik edirlər. Ona görə də çox vaxt baş qoşmuram. Səbrli olmağa çalışdıqca, görürəm ki, daha da ağ edirlər. Belədə özümdən çıxıram”.

Hakimlərin rəqibə daha çox simpatiya göstərib-göstərməməsi ilə bağlı sualı Həbibov belə cavablandırıb:

"Deməzdim simpatiya göstərirdilər. Hər iki komandaya qarşı səhvləri var idi. Hətta rəqib məşqçilər də hakimlərdən narazı qalmışdı. Özü də bilirsiniz necədir, insanıq, emosiyamız ola bilər. Mən səni təhqir etməmişəm, adi bir söz demişəm. Yəni, adi sözə görə sarı vərəqə ilə cəzalandırdı. Adi sərt oyuna görə, həm rəqib futbolçular, həm də kənardan oyuna baxan valideynlər səs-küy salırdılar. Hakim də onların sözünə görə cərimə tətbiq edirdi. Oyunu idarə edirsən, 16-17 yaşlı uşağın nə ixtiyarı var ki, sənə etirazını bildirsin? Ofsayd qərarına, bir də bu məsələyə görə narazılığımı bildirdiyim üçün mənə sarı vərəqə göstərdi. Öz futbolçularımı hakimə etiraz etməyə icazə vermirəm. Onların əvəzinə bunu mən edirəm. Sən də hakim kimi oyunu saxla, futbolçulara xəbərdarlıq et, ya da sarı vərəqə göstər ki, danışmasınlar. Bilirsiniz, uşaq futboludur, nəticə-filan hamısı boş şeydir. Bizim məqsədimiz uşaq yetirşdirməkdir. Sadəcə, özümə də maraqlıdır ki, nə üçün ikioyunluq cəzalandırdılar. Özümü idarə edə bilirəm, imanlı insanam. Düzgün, dürüst yaşamağa çalışıram”.

Mütəxəssis cəzanın azaldılması ilə bağlı AFFA-ya müraciət etməyəcəyini də deyib:

"Artıq bir oyun geridə qaldı. Növbəti dəfə "Kəpəz”lə oynamaq üçün Gəncəyə gedəcəyik. Açığı, müarciət etmək istəmirəm”.

Digər Xəbərlər
Xəbər Lenti