"Səbail" AFFA-ya qeyri-rəsmi müraciət edib.
Bayıl klubu onlara ayrılan vəsaitin yetərli olmadığı barədə federasiyanı məlumatlandırıb.
Bildirilib ki, maliyyə çatışmazlığı yarandığından, bir çox sahələr üzrə problem yaranıb.
Belə ki, ötən mövsümdə onların formasını geyinən legionerlərdən bir neçəsi FİFA-ya şikayət məktubu göndərib. Əcnəbi futbolçular müqavilə üzrə öhdəliklərin yerinə yetirilmədiyini qeyd etməklə yanaşı, "Səbail"in cəzalandırılmasını istəyib.
Digər tərəfdən, keçən sezondan qalmış əməkhaqqı borcu hələ bağlanmayıb. Eyni zamanda, xidmətindən yararlandıqları bəzi şirkətlər klubla əməkdaşlığı dayandırıb.
Onlardan biri də nəqliyyat sektoruna aid şirkətdir. Əsas komanda məhz bu üzdən Premyer Liqanın 12-ci turunun "Neftçi" ilə səfər oyununa (1:0) gec yollanıb. Matçdan cəmi 40 dəqiqə öncə özünü stadiona yetirən "dənizçilər" AFFA İntizam Komitəsi tərəfindən 800 manat cərimələnib.
"Səbail"in aşağı yaşlılardan ibarət komandası da arzuolunmaz durumla üzləşib. U-15 İmişliyə səfər ərəfəsində avtobus gözləsələr də, gəlib çıxmayıb.
Belədə yeniyetmə futbolçular oyuna valideynlərin şəxsi maşınları ilə yollanıblar. Ounu 0:3 hesabı ilə qonaqların xeyrinə başa çatıb.
SPORTİNFO.AZ

