“Səbail”in legioneri Nikolas Raysel Fransa mətbuatının yadına düşüb.
Sportinfo.az xəbər verir ki, hücumçu 2013-cü ildə PSJ-dən ayrılmasının səbəbini açıqlayıb:
“Müqaviləmin bitməsinə iki il qalmış ciddi zədə aldım. Zədədən yaxşı qayıtsam da, başqalarından daha çox işləməli olduğumu bilirdim.
Çünki mən heç vaxt akademiyanın böyük istedadı olmamışam. Məşqçilər yalnız ən yaxşıları seçdilər və mən onlardan biri deyildim”.
2011-2013-cü illərdə Paris təmsilçisinin ikinci komandasının formasını geyinən forvard 2020-ci ildən Azərbaycanda çıxış edir. 28 yaşlı hücumçu “Səbail”dən əvvəl “Qəbələ”də forma geyinib.
O bildirib ki, Paris klubunda Zlatan İbrahimoviç, Devid Bekhem və Esekyel Lavessi kimi ulduz futbolçularla bir neçə dəfə məşq etmək imkanı olub:
"Onlar hər kəsdən seçilirdilər. Futbola həm taktiki, həm də texniki cəhətdən tamamilə fərqli baxışları var idi".

