"İnanmıram ki, Sadıq Sadıqov bu klubun rəhbəri olmağı qəbul edər"

6 Dekabr 2021 14:40 Səbail 1 646
"İnanmıram ki, Sadıq Sadıqov bu klubun rəhbəri olmağı qəbul edər"

"Bu informasiyanın ortalıqda dolaşması problem deyil.

Əsas odur ki, qəti addımlarımızda, fikirlərimizdə həmişə olduğu kimi özümüz heç vaxt dolaşmayaq".

Bu sözləri Sportinfo.az-a açıqlamasında “Neftçi“nin keçmiş vitse-prezidenti Tahir Süleymanov deyib.

Bugünlərdə xəbər verdiyimiz kimi, “Neftçi“nin sabiq prezidenti Sadıq Sadıqovun yenidən futbola dönməsi gözlənilir. Bu, AFFA prezidenti Rövnəq Abdullayevin fikridir.

Federasiya başçısı yaxın qohumu ilə görüşərək, ona bu sahəyə dönməyi təklif edib. R.Abdullayev S.Sadıqova yeni «dayanacağ»ını da nişan verib - «Səbail».

Bu da təsadüfi deyil, təbii ki. Bayıl klubu Abdullayevlər ailəsini təmsil edir.

«Səbail» 2016-cı ildə Rövnəq bəyin oğlu Rəşadın məşğuliyyəti üçün yaradılıb. Əvvəlcə o, daha sonra əmisioğlu Tamerlan Abdullayev «dənizçilər»in başında dayanıb.

Bu ilin yayında isə «dənizçilər» AFFA-nın icraçı vitse-prezidenti Elxan Məmmədovun tam nəzarətinə keçib. R.Abdullayev yaxın qohumundan «Səbail»i tezliklə federasiyadan təhvil almasını istəyib. O da razıdır, sadəcə, bəzi şərtləri var.

Artıq o şərtlərlə tanışıq. Deməli, S.Sadıqov adıçəkilən klubun idarəçiliyini tamamilə öz əlində cəmləşdirmək istəyir.

Yəni ki, AFFA-nın daxili məsələlərə qarışacağı olmasın. Tanınmış funksioner federasiyanıın buradakı uzantılarını da iş başında saxlamağı düşünmədiyini bildirib.

Onun digər şərti büdcə ilə bağlıdır. Bilindiyi kimi, AFFA tərəfindən «Səbail»ə ayrılan ümumi vəsait hazırda 1 milyon manat civarındadır. Göstərilən rəqəmin 700 min manatı əsas komandaya ayrılıb.

Sadıqov bu məbləğlə yola çıxmağın qeyri-mümkün olmasının fərqindədir. Bu sahəni kifayət qədər yaxşı tanıyan Sadıq bəy «Səbail»ə minimum 5 milyon manat büdcə verilməsini tələb edib.

Onun digər niyyəti vaxtilə «Neftçi»də çiyin-çiyinə çalışdığı Tahir Süleymanovu futbola qaytarmaqdır. 2014-cü ildə «ağ-qaralar»ın vitse-prezidenti postundan ayrılmış sabiq hakim «Səbail»də də eyni vəzifəni tutmağa namizəddir.

S.Sadıqov «dənizçilər»in Bayıldan hansısa rayona köçürülməsinin əleyhinə deyil. Sadəcə, fikri budur ki, AFFA bu məsələdə onunla məsləhətləşsin, özünün bildiyi qərarı verməsin.

Çünki bununla bağlı Sadıqovun öz mövqeyi var. O, «Səbail»in Bakıdan çox da uzaq məsafədə yerləşməyən rayonların birində məskunlaşmasına tərəfdardır.

Sadıqov və Süleymanov 5 ilə yaxın müddətdə «Neftçi»ni idarə edib, bir sıra uğurlara imza atıb.

Bakılılar onların rəhbərliyi altında 3 dəfə ölkə çempionu olub, iki dəfə kuboku başı üzərinə qaldırıb, eyni zamanda, Azərbaycan təmsilçiləri arasında ilk dəfə Avropa Liqasının qrup mərhələsinə vəsiqə qazanıb.

Eks vitse-prezident Sadıq Sadıqovun irəli sürdüyü şərtlərdən xəbərinin olmadığını bildirib:

"Bu suala mənim cavab verməyim doğru olmaz, ancaq öz fikirlərimi sizinlə bölüşə bilərəm. Sadıq Sadıqovla 5 il "Neftçi"də bir yerdə çalışmışıq və klub prezidenti olaraq tarixi uğurlara imza atmış şəxsdir.

Xarakterinə, iş prinsiplərinə, iddiasına yaxından bələd olduğum, dəyər verdiyim insandır. Futbola qayıdacağı ilə bağlı məlumatım yoxdur.

Əgər təklif olsa, futbola qayıtmaq ehtimalı yaransa belə, inanmıram ki, Sadıq Sadıqov "Səbail"i qəbul edər. Bəs bu iddialar haradan qaynaqlana bilər?

Ola bilər, Sadıq Sadıqovun yenidən futbola qayıtma ehtimalı kimlərisə çox narahat edir. Hər şeyi zaman göstərər".

Digər Xəbərlər
Xəbər Lenti
25 Aprel 18:10 Çək və bizə göndər!