Allahın ümidinə qalanlar

5 Dekabr 2021 21:00 Səbail 550
Allahın ümidinə qalanlar

"Səbail"in gözü aydın olsun! Cari mövsüm Azərbaycan Premyer Liqasında ilk dəfə heç-heçə etdilər.

Buna XIII turda "Keşlə" ilə oyunda nail oldular - 2:2.

Beləliklə, çempionatda heç-heçə etməyən qalmadı. "Səbail" daha əvvəlki 12 qarşılaşmanın 3-də qələbə qazanıb, 9-da isə məğlubiyyə uğrayıb.

Bayıl təmsilçisi turnir cədvəlində 10 xalla sonuncu - 8-ci pillədə qərarlaşıb. Böyük ehtimalla, sezonu da bu yerdə bitirəcəklər.

Adətən, iştah diş altında gizlənir. «Səbail»in isə gizlətməyə heç nəyi qalmayıb, çünki dişi yoxdur.

Yarımmüdafiə xəttinə göz gəzdirmək kifayətdir ki, komandanın niyə hamıdan geri qalmasının səbəbini anlayasan.

Bəstəboy, topla ləng hərəkət edən, hücumu və əks-hücumu necə quracağını bilməyən fərdlərdən ibarət orta sahə ilə Aftandil Hacıyev nəyəsə bel bağlayırsa, vallah, bu baş məşqçinin optimistliyinə valeh olmaq, hətta həsəd aparmaq mümkündür.

Anatole Abanq qırmızı vərəqə almasaydı, «Keşlə»yə də uduzacaqdılar. Camal Araqonun son saniyələrdə vurduğu bərabərlik qolunu da bağlayaq Yaradanın lütfünə. Bəxt üzlərinə güldü.

Sadəcə, unutmayaq: bəxt nadir hallarda zəifin tərəfində olur. Güclü olmaq üçün sanballı heyət qurmaq gərəkdir.

Hacıyevin gərəkəni edə bilməsi də maliyyədən asılıdır. Deyirlər, o da əvvəl var idi, indi yoxdur, qurtarıb.

SPORTİNFO.AZ

Digər Xəbərlər
Xəbər Lenti