Sadıq Sadıqovun futbola qayıtmaq üçün irəli sürdüyü 4 ŞƏRT

1 Dekabr 2021 11:40 Səbail 1 687
Sadıq Sadıqovun futbola qayıtmaq üçün irəli sürdüyü 4 ŞƏRT

Bugünlərdə xəbər verdiyimiz kimi, “Neftçi“nin sabiq prezidenti Sadıq Sadıqovun yenidən futbola dönməsi gözlənilir.

Bu, AFFA prezidenti Rövnəq Abdullayevin fikridir.

Federasiya başçısı yaxın qohumu ilə görüşərək, ona bu sahəyə dönməyi təklif edib.

R.Abdullayev S.Sadıqova yeni «dayanacağ»ını da nişan verib - «Səbail». Bu da təsadüfi deyil, təbii ki. Bayıl klubu Abdullayevlər ailəsini təmsil edir.

«Səbail» 2016-cı ildə Rövnəq bəyin oğlu Rəşadın məşğuliyyəti üçün yaradılıb. Əvvəlcə o, daha sonra əmisioğlu Tamerlan Abdullayev «dənizçilər»in başında dayanıb.

Bu ilin yayında isə «dənizçilər» AFFA-nın icraçı vitse-prezidenti Elxan Məmmədovun tam nəzarətinə keçib.

R.Abdullayev yaxın qohumundan «Səbail»i tezliklə federasiyadan təhvil almasını istəyib. O da razıdır, sadəcə, bəzi şərtləri var.

Artıq o şərtlərlə tanışıq. Deməli, S.Sadıqov adıçəkilən klubun idarəçiliyini tamamilə öz əlində cəmləşdirmək istəyir.

Yəni ki, AFFA-nın daxili məsələlərə qarışacağı olmasın. Tanınmış funksioner federasiyanıın buradakı uzantılarını da iş başında saxlamağı düşünmədiyini bildirib.

Onun digər şərti büdcə ilə bağlıdır. Bilindiyi kimi, AFFA tərəfindən «Səbail»ə ayrılan ümumi vəsait hazırda 1 milyon manat civarındadır. Göstərilən rəqəmin 700 min manatı əsas komandaya ayrılıb.

Sadıqov bu məbləğlə yola çıxmağın qeyri-mümkün olmasının fərqindədir. Bu sahəni kifayət qədər yaxşı tanıyan Sadıq bəy «Səbail»ə minimum 5 milyon manat büdcə verilməsini tələb edib.

Onun digər niyyəti vaxtilə «Neftçi»də çiyin-çiyinə çalışdığı Tahir Süleymanovu futbola qaytarmaqdır. 2014-cü ildə «ağ-qaralar»ın vitse-prezidenti postundan ayrılmış sabiq hakim «Səbail»də də eyni vəzifəni tutmağa namizəddir.

S.Sadıqov «dənizçilər»in Bayıldan hansısa rayona köçürülməsinin əleyhinə deyil. Sadəcə, fikri budur ki, AFFA bu məsələdə onunla məsləhətləşsin,

özünün bildiyi qərarı verməsin. Çünki bununla bağlı Sadıqovun öz mövqeyi var. O, «Səbail»in Bakıdan çox da uzaq məsafədə yerləşməyən rayonların birində məskunlaşmasına tərəfdardır.

Noyabrın 1-də Azərbaycan Cüdo Federasiyasında (AGF) növbədənkənar seçki konfransı baş tutub. Seçkinin nəticəsinə əsasən, rəqəmsal inkişaf və nəqliyyat naziri Rəşad Nəbiyev prezident postunda Rövnəq Abdullayevi əvəzləyib.

Burada yeni vitse-prezidentlərin adına da aydınlıq gəlib. Yenidən formalaşan ACF-də vitse-prezident vəzifəsini Rövşən Rüstəmov tutub.
Həmçinin Elnur Məmmədli yenidən 4 il müddətinə vitse-prezident seçilib.

Bundan başqa, səsvermənin nəticəsinə əsasən, Ağayar Axundzadə, Raqif Abbasov, Asif Əsgərov, Nazim Hüseynov, Azər Əsgərov və Elxan Məmmədov isə İcraiyyə Komitəsinin üzvləri seçiliblər.

Daha öncə vitse-prezident kimi Mikayıl İsmayılov, Sadıq Sadıqov və Elnur Məmmədli fəaliyyət göstərib. Əvvəlki vitse-prezident Sadıq Sadıqov isə tutduğu postla vidalaşıb.

R.Abdullaev 2015-ci ildən adıçəkilən federasiyanın başında idi. O, bu postda keçmiş əmək və əhalinin sosial müdafiəsi naziri Füzuli Ələkbərovun yerini tutmuşdu. A.Sadıqov da bu dəyişikliyin nəticəsində vitse-prezident vəzifəsinə gətirilmişdi.

Sadıqov buna kimi «Neftçi»PFK-nın prezidenti idi. 5 ilə yaxın müddətdə paytaxt klubunu idarə edib, bir sıra uğurlara imza atıb.

Bakılılar onun rəhbərliyi altında 3 dəfə ölkə çempionu olub, iki dəfə kuboku başı üzərinə qaldırıb, eyni zamanda, Azərbaycan təmsilçiləri arasında ilk dəfə Avropa Liqasının qrup mərhələsinə vəsiqə qazanıb.

SPORTİNFO.AZ

Digər Xəbərlər
Xəbər Lenti