"Bəzi söz-söhbətlər olsa da, “Neftçi” həmin “Neftçi”dir"

28 Noyabr 2021 17:00 Səbail 960
"Bəzi söz-söhbətlər olsa da, “Neftçi” həmin “Neftçi”dir"

“Son çempiona qarşı oynayırdıq.

Son vaxtlar komandanın ətrafında bəzi söz-söhbətlər olsa da, “Neftçi” həmin “Neftçi”dir.

Qələbə münasibəti ilə rəqib komandanı və Samir Abasovu təbrik edirəm”.

“Səbail”in baş məşqçisi Aftandil Hacıyev Azərbaycan Premyer Liqasının 12-ci turu çərçivəsində baş tutan “Neftçi” – “Səbail” qarşılaşması (1:0) haqda Sportinfo.az-a danışıb.

Cəza səbəbindən oyunu texnika zonadan yox, tribunadan izləyən 40 yaşlı mütəxəssis məğlubiyyətdə rəqibin heyətində ayrı-ayrı futbolçuların ustalıq səviyyəsinin rol oynadığını deyib:

“Neftçi”nin futbolçularının nəyə qadir olduğunu bilirik. Heyətdə təcrübəli və ustalıq səviyyəsi yüksək olan futbolçular var ki, hər an oyunun taleyini həll etməyi bacarır.

İlk hissədə müdafiə planında səhvsiz oynamağa çalışsaq da, hücum məsələsində standart vəziyyətlər zamanı istəyimizə çatmaq istəyirdik. Ədilxanın zərbəsində azca dəqiqlik olsaydı, hesabda önə keçərdik”.

Hacıyev bəzi futbolçuların kənarda qalmasının da oyuna təsir etdiyini bildirib: “Nikolas Rayselin olmaması hücum planında işimizi xeyli çətinləşdirir.

Halbuki, komandaya lazımlı və faydalı oyunçudur. Matçdan əvvəl də Mirsahib Abbasovun ağrıları gücləndiyi üçün adını protokola sala bilmədik.

Məğlubiyyətə baxmayaraq, meydanda can qoyan futbolçulardan razı qaldığımı deyə bilərəm. “Neftçi”ylə oyunda olduğu kimi, digər rəqiblərə qarşı da layiqli mübarizə aparacağıq”.

“Səbail” 12 turdan sonra topladığı 9 xalla turnir cədvəlinin sonuncu pilləsində yer alıb.

HƏBİB

Digər Xəbərlər
Xəbər Lenti