Pul almasa, özü getsin - Üzüsulu, kor-peşman olmadan

22 Noyabr 2021 10:40 Səbail 709
Pul almasa, özü getsin - Üzüsulu, kor-peşman olmadan

«Səbail» öz-özünə güllə atan köhnə «beşatlan»a bənzəyir.

Onu divardan asmaq lazımdır.

Nə vaxt və hansı şəraitdə hədəfi nişan alacağı bilinmədiyi üçün.

Bu «beşatlan»la ova getmək təhlükəlidir, adamı yolun ortasında yalqız buraxar, utandırar, evə əliboş qaytarar.

Aftandil Hacıyevin üzündən oxunan ifadə çox şey deyir. Məsələn, deyir ki, günahım nə idi, üzünə qapı açdığım, bir tikə çörək qazanmalarına vəsilə olduğum yaşlı futbolçular məni hər həftə peşman edir?

O üz çizgiləri həm də deyir ki, savadıım və artıq müəyyən qədər təcrübəm var, hələ uzun müddət Premyer Liqada işləməli, özümü göstərməliyəm.

Olsun, niyə ki?! Ölkənin balaca futbol dünyası Aftandil Hacıyevin simasında yeni nəsil məşqçi sinfinin perspektiv vəd edən nümayəndəsi ilə tanışlıq imkanı qazanıb, bunun dəyərləndirilməsi lazımdır.

Əlbəttə, bunu Hacıyevin özü də istəməlidir. Rəhbərliyi ilə oturub danışmalı, ya tamamilə gəncləşdirmə siyasətinə qapı açmalı, ya da əlavə transfer büdcəsi istəməlidir.

Bıçaq sümüyə dirənib, görünür ki, xidmətindəkilər məğlubiyyətlərdən bezməyib, onlara fərq eləmir, ötən tur «Qəbələ»yə, bu tur «Zirə»yə, sabah «Neftçi»yə – pis vərdişə aludə olublar.

Hacıyev onları fikir olaraq dəyişə bilməz artıq, qatarları çoxdan gedib. Hacıyev onları dəyişdirə bilər, təbii ki, bunun üçün də pul tapmalı, onu «yuxarı»dan almalıdır.

Almasa, vaxt itirməsin, özü getsin. Üzüsulu, kor-peşman olmadan.

KAMİL

Digər Xəbərlər
Xəbər Lenti