“Haqsızlıq edilir... Günahkaram!”

11 Noyabr 2021 21:00 Səbail 920
“Haqsızlıq edilir... Günahkaram!”

“Mən topu kənara hakimin qərarından narazı qaldığım üçün vurmamışdım.

Lakin referi vəziyyəti bu cür dəyərləndirib, məni ikinci sarı vərəqə ilə meydandan uzaqlaşdırdı”.

Azərbaycan Premyer Liqasının 10-cu turunun “Səbail” – “Qəbələ” matçında (0:2) qırmızı vərəqə ilə meydandan qovulan Yurgen Qoxa həmin vəziyyəti Sportinfo.az-a açıqlamasında şərh edib.

Albaniyalı müdafiəçi sabiq komandasına qarşı oyunun 56-cı dəqiqəsində öncə rəqibə qarşı kobudluğa, daha sonra hakimin qərarına sərt etiraza görə Rəvan Həmzəzadə tərəfindən “qırmızı”ya layiq görülmüşdü.

28 yaşlı futbolçu ədalət təmsilçisinin etdiyi hərəkəti yanlış anladığını deyib:

“Həmin epizodda hakim topu onun qərarına etiraz etdiyim üçün kənara vurduğumu düşünərək ikinci “sarı”nı göstərdi.

Halbuki etirazım özümə idi. Rəqib futbolçu yanımdan ötüb keçəndə qaydanı pozmamalıydım. Ona görə də əsəbdən topu kənara vurdum.

Hakim həmin epizoda görə vərəqə göstərdiyini nəzərə alıb, ikinci “sarı”nı verməyə bilərdi. Belə deyim, şifahi xəbərdarlıqla kifayətlənmək mümkün idi”.

Yurgen referilərin “Səbail”in oyunlarından ciddi nöqsanlara yol verdiyini düşünür. Buna baxmayaraq, “Qəbələ”yə məğlubiyyətin səbəbkarının özü olduğunu etiraf etdi:

“Ümumiyyətlə, hakimlər müntəzəm komandamıza qarşı haqsızlıq edir. “Sumqayıt”la oyunda da səhvlər olmuşdu, bu dəfə də qaydalar çərçivəsində vurduğumuz qol qeydə alınmadı.

Halbuki hesabı açmışdıq. İstənilən halda günah mənim boynumdadır. Çünki komanda yoldaşlarımı azlıqda qoymamalıydım”.

Cari mövsümdə “Səbail”in uğurları üçün tər tökən albaniyalı futbolçu 2020-21 mövsümündə “Qəbələ”nin heyətində meydana çıxdığı 24 oyunda 2 qol vurmuşdu.

HƏBİB

Digər Xəbərlər
Xəbər Lenti