Qorxan gözə çöp düşər – Xilasın və etirazın tək çarəsi

8 Noyabr 2021 10:40 Səbail 946
Qorxan gözə çöp düşər – Xilasın və etirazın tək çarəsi

«Qarabağ»a mövsümün ilk və hələlik son məğlubyyətini yaşat, sonra da get, «Sumqayıt» və «Qəbələ»yə uduz - məntiq hanı?

Məntiqin yoxluğuna əmin olmaq üçün bircə dəfə «Səbail»in bazasından içəri keçmək kifayətdir.

Burada nə var, nə yox, hamısı bir neçə dəqiqənin içində bəndəyə məlum olacaq. Məsələn, biləcək ki, 5 il öncə bəh-bəhlə yaradılan klub lazımsız bir əşya kimi Bayılın bir küncünə atılıb.

Öyrənəcək ki, bu vəziyyət qəsdlə yaradılıb, bir məqsədə xidmət edir – Aftandil Hacıyevin baş məşqçi postundan uzaqlaşdırılmasına.

«Səbail»in üzərindən oynalılan bütün «oyunlar» onun bezdirilməsinə, işini atıb getməsinə hesablanıb. Əlbəttə, Hacıyev ətrafında cərayan edən proseslərdən xəbərdardır, uşaq deyil ki… Üç ilə yaxındır görə-görə gəlir.

«Səbail»in hər məğlubiyyəti AFFA-nın divarları arasında bayram olaraq qeyd edilir. Atəşfəşanlıq etmirlər, düzdür, amma Hacıyevə gün kimi aydındır ki, ona qənim kəsilənlər «şüşəbənd»in arxasında gizlənib

. İntizam Komitəsinin bir qeyri-etik ifadəyə görə kəsdiyi 5 oyunluq cəzanı o, başqa cür başa düşə bilməz.

Necə olur, oxşar hərəkətə Samir Abasov da yol verir, di gəl, AFFA onu 2 oyunluq texniki zonadan kənarlaşdırır, Hacıyevə isə birdən-birə «get, 5 tur tribunada əyləş» deyilir.

O, kölgəsinə qılınc çəkənlərin cavabını verməyə hələlik tələsmir. «Bığ-sqqal» məsələsinə görə. «Səbail»in pulu AFFA-dan gəlir, düşünür ki, mən necə etiraz edim, kimə etiraz edim?

Bunun sivil yolunu biz izah edək, bəlkə ağlına batdı.

Elə bu gün komandanı yığsın bir yerə, islahata başladığını elan etsin. Bütün yaşlı futbolçularla sağollaşsın, gəncləşdirmə siyasətinə keçidi açıqlasın.

O yaşlı futbolçuların heç biri ondan inciməz. Niyə incisinlər ki..? Onsuz da, komandaya qatqı vermirlər, məğlubiyyətlər sıralanır.

Uduzmağın fərqi nədir axı, elə də, belə də, eyni şeydir. Hacıyev bu veteranlara bugünədək olmazın yaxşılıq edib. Onları bir düşərgəyə yığmaqla, hərəsinə üç-beş manat maaş verdirməklə.

«Səbail» olmasaydı, hara gedəcəkdilər ki? Amma burası da klubsuz qalanların son sığınacaq yeri olmamalıdır.

Onlara uzanan yardım əli bundan belə kəsilməlidir. «Səbail» çıxışını gənclərlə davam etdirsə, Hacıyevə güldən ağır söz söyləyən, «nə qədər uduzacaqsız» sualı ünvanlayan olmayacaq.

Köhnə adların kölgəsində qalmaq da bir şey deyil də, öz aramızdır. Yağışdan çıxanın yağmurdan qorxusu olmamalıdır ta!

KAMİ

Digər Xəbərlər
Xəbər Lenti