Bundan böyük qazanc?

6 Mart 2020 14:36 Sabah 1 192
Bundan böyük qazanc?

Yerli futbolçuların qıtlığından zaman-zaman şikayətlənirik.

Əgər ölkə xaricində çıxış edən normal bir futbolçumuz yoxdursa və yerli çempionatda belə, gənclərimiz limitə görə məcburiyyətdən oynadılırsa, şikayətlənməyib nə edəsən?

Amma hər zaman bir şeyə dəqiq inanmışam - ölkəmizdə istedadlı futbolçular mütləq var. Sadəcə, kəşf etmək, üzə çıxarmaq lazımdır.

Bəzən tapıb üzə çıxarırıq, amma düzgün faydalanmırıq, inkişaf etdirmirik. İnkişafına zəmin yaratmırıq.

Götürək, "Sabah"ın mövsümün əvvəli heyətinə qatdığı Abbas Ağazadəni.

Böyük ümidlərlə komandaya dəvət olundu. Ala qaşına, ala gözünə görə yox, istedadına görə. Məşqlərdə də yaxşı futbolçu ola biləcəyi hiss olunurdu.

Hazırkı mövsümə də çox əla başladı. Premyer Liqanın 1-ci turunda "Neftçi"yə qarşı görüşdə, Abbas "Sabah"ın meydanda olan ən yaxşı futbolçularından biri idi.

Hətta əcnəbilərdən belə faydalı çıxış etmişdi - işgüzar, mövqeyinə yaraşan top almalar, meydanı görmə qabiliyyəti və.s.

Elşad Əhmədov Ağazadəni 2-ci turda da əsas heyətdə, 3-cü turda isə sona 5 dəq qalmış meydana buraxdı vəssalam! Bununla da bir azərbaycanlı balasına verilən şans bitdi!

Odur-budur, bu gənci gördüm deyən yoxdur. Elşad Əhmədovdan sonra nə Rövşən Babayev, nə İqor Ponomoryov, nə də indi Jeoko Sopiç ona şans verir. Xorvatiyalı yeni baş məşqçi digər gənclərə o imkanı tanısa da, nədənsə gözü hələ Abbası almayıb.

Qışa kimi gününü ehtiyat skamiyada keçirən gənc futbolçu yeni ildən sonra artıq ehtiyat skamiyaya da layiq görülmədi. "Sabah-2"də birinci divizion görüşlərinə çıxaraq "inkişaf" etməklə məşğuldur indi.

Bir yerlini yalnız ondan ən azı iki baş üstün əcnəbi əvəzləməlidir.

"Sabah" bu gün 21 xalla 5-ci yerdədir. 7-ci yerdən 1, sonuncu yerdən isə komandanı 6 xal ayırır. Göründüyü kimi, komanda çempionluq üçün döyüşmür. Heç ilk üçlüyə də şansı yoxdur.

Abbas oynasa, nə dəyişəcək? Vallah-billah, aşağı-yuxarı bu nəticələr olacaq. Həm də Azərbaycan futboluna Abbas Ağazadə adlı istedad bəxş etmiş olacaqsız. Bundan böyük qazanc?

Axı bunu edən, gənc futbolçuların inkişafını qarşısına məqsəd qoymuş sabahın "Sabah"ıdır.

Xanoğlan İmanov

Digər Xəbərlər
Xəbər Lenti