"Sabah"ın prezidenti: "Heç bir halda klubumuzu belə təhlükə gözləmir”

19 Fevral 2020 21:40 Sabah 880
"Sabah"ın prezidenti: "Heç bir halda klubumuzu belə təhlükə gözləmir”

Sportinfo.az "Sabah"ın prezidenti Maksud Adıgözəlovun müsahibəsini təqdim edir:

- Qış fasiləsindən sonra “Sabah” ardıcıl ikinci qələbəsini qazandı. Bu 3 xalı “avrokuboklara vəsiqə uğrunda mübarizəmiz davam edir” mesajı kimi dəyərləndirmək olar?
- Çalışacağıq ki, avrokuboklara vəsiqə qazanaq. Amma özünüz də görürsüz ki, bu gün premyer-liqada hər şey çox tez dəyişir. Bizim yeni baş məşqçimiz var və ona müəyyən vaxt lazımdı. Elə oyunçularımız var ki, komandaya gec qoşulublar. Bizim üçün indi ən əsas və vacib olan oyun planında inkişafa nail olmaqdı. Hazırda bunu fikirləşirik. Təbii ki, eyni zamanda avrokuboklarda iştirak barədə də düşünürük.

- Ölkə kubokunda mübarizəni dayandıran “Sabah”ı qitəmiqyaslı tunirə vəsiqə verən 4-cü pillədən artıq 3 xal ayırır. Sizcə qarşıdakı oyunlarda bu fərqi aradan qaldırmaq mümkün olacaq?
- İndi bu haqda nəsə demək çox çətindi. Əlbəttə, bunun üçün çalışacağıq. Biz indi 3-cü və ya 4-cü yer üçün oynamırıq. Əsas istəyimiz turdan-tura sərgilədiyimiz oyunu mükəmməlləşdirmək və bacardıqca üst pillələrə yüksəlməkdi. İnşallah, yaxşı olar.

- Necə düşünürsüz, qış transfer dönəmində heyətə cəlb etdiyiniz oyunçular etimadı doğruldur?
- Bu suala konkret cavab verəcəm: doğruldur.

- Mövsümün əvvəlində çoxları “Sabah”ı ilk “üçlük”də görürdü. Ancaq bu günə kimi proqnozların özünü doğrultmadığını deyə bilərik. Qışdan sonra komanda özünə gəlib. Ancaq atalarımız “şər deməsən, xeyir gəlməz” söyləyiblər. Mövsümün sonunda “Sabah” avrokuboklara vəsiqə qazanmasa, bu fiasko sayılacaq?
- Fiasko olmayacaq. 2019/20 “futbol ili”ndə buraxdığımız səhvləri öz aramızda təhlil edib, gələn mövsüm üçün dərs çıxaracağıq.

- Azərbaycan reallığı deyilən bir nüans var. Bəzən komanda iki-üç il ərzində qarşıya qoyulan hədəfə çatmayanda, sponsorlar imtina edir. “Sabah”ı belə təhlükə gözləyir?
- Heç bir halda “Sabah”ı belə təhlükə gözləmir. Mən ilk mövsümdən demişəm ki, “Sabah” olaraq biz birillik gəlməmişik. Əsas məqsədimiz yaxşı komanda yox, klub yaratmaqdı. Hər kəs əmin ola bilər ki, bizi belə təhlükə gözləmir. Klub qurmaq yönündə işlərimiz davam edir.

- Hər bir klubun qarşısında müəyyən məqsəd olur. “Sabah” yarananda avrokuboklara vəsiqə qazanmaq üçün nə qədər vaxt nəzərdə tutulub? Ümumiyyətlə, klubun strateji planı barədə nə deyə bilərsiz?
- Əlbəttə, bizim klub olaraq strateji planımız var. Ancaq bu haqda geniş danışmaq üçün bizə saatlarla vaxt lazımdı. Bir gün vaxt edin, görüşək. Onda həm sizə, həm də futbol ictimaiyyətinə bununla bağlı ətraflı məlumat verərəm. Bizim planımızın əsas tərkib hissələrindən biri, bəlkə də birincisi gənc futbolçularla bağlıdı. Söhbətimizin əvvəlində qeyd etdiyim kimi, biz öncə klub olaraq formalaşmağa çalışırıq və öz yetirmələrimizin hesabına nəyəsə nail olmağı düşünürük. Bugünkü oyun da göstərdi ki, düz yoldayıq. “Sabah” daim gənc oyunçuların inkişafında maraqlı olub. “Sumqayıt”la qarşılaşmada start heyətimizdə çempionatdakı gənc futbolçu limitinə uyğun 3 oyunçu var idi. Bu, bizim gənc oyunçularla bağlı strategiyamıza tam uyğun gəlir (Futbol+).

Digər Xəbərlər
Xəbər Lenti
16 Aprel 18:10 Çək və bizə göndər!
16 Aprel 11:20 "Qarabağ" səssiz qaldı