Premyer Liqanın iddialı və imkanlısı nə üçün indi belə bir istəyə düşüb?

17:20 Sabah 478
Premyer Liqanın iddialı və imkanlısı nə üçün indi belə bir istəyə düşüb?

“Sabah” 2017/2018-ci il mövsümündən etibarən Azərbaycan Premyer Liqasında çıxış etməyə başladı.

Klub qısa müddət ərzində gördüyü işlərlə həm azarkeşləri, həm də futbol ictimaiyyətini təəccübləndirməyi bacardı.

İstər əsas komandanın, istərsə də aşağı yaş qruplarının inkişafına peşəkar yanaşma nümayiş etdirildi. Say baxımından çox böyük olmayan, lakin keyfiyyətli idarəetmə sistemi formalaşdırıldı.Son mövsümlərdə artıq klub iddiasını da ortaya qoymağa başladı.

Ötən mövsüm tarixində ilk dəfə Azərbaycan çempionu oldu və UEFA Çempionlar Liqasındakı çıxışına da uğurlu start verdi.

Komanda ilk iki oyununda qələbə qazanaraq azarkeşlərinə sevinc yaşatdı. Qarşıdakı təsnifat mərhələlərində də “Sabah”a uğurlar arzulayırıq.

Klubun ev oyunlarının təşkilatçılığı da uzun müddət nümunə göstəriləcək səviyyədə olub. Hər oyundan əvvəl azarkeşlər üçün fan-zona təşkil edilir, müxtəlif müsabiqələr və hədiyyəli kampaniyalar keçirilir,

"Bank Respublika Arena"ya tamaşaçı cəlb etmək üçün fərqli layihələr həyata keçirilirdi. Komandanın oyunlarına təkcə Masazır sakinləri deyil, Xırdalan, Sulutəpə və ətraf ərazilərdən də çoxlu sayda azarkeş gəlirdi.

Bütün bunlara görə sevinirdik ki, Azərbaycan futbolunda növbəti dəfə sadəcə komanda deyil, həqiqi mənada klub formalaşır.

Klub dedikdə isə təkcə futbolçular və nəticələr deyil, eyni zamanda məkan, tarix, azarkeş bazası və dəyərlər nəzərdə tutulur. Lakin son günlər gündəmə gələn xəbərlər bütün bu düşüncələri ciddi şəkildə sual altına salır.

Belə görünür ki, “Sabah” rəhbərliyi Masazırı tərk edib, Mərdəkana köçmək qərarına gəlib və “Liv Bona Dea Arenanı” öz ev stadionuna çevirmək niyyətindədir.

Klubun şəxsi stadion sahibi olmaq istəməsini başa düşmək olar. Bu, müasir futbolun inkişafı baxımından müsbət addımdır.

Ancaq əsas sual budur: niyə məhz Mərdəkan? Əgər məqsəd öz stadionuna sahib olmaqdırsa, niyə doqquz il ərzində formalaşdığınız məkandan uzaqlaşırsınız?

Niyə "Bank Respublika Arena"sını əldə etmək və ya Masazırda yeni stadion tikmək variantları nəzərdən keçirilmir? Axı “Sabah” doqquz mövsümdür Masazırla assosiasiya olunur.

Bu müddət ərzində müəyyən azarkeş bazası formalaşıb. İnsanlar həmin məkana öyrəşib, həmin stadionda xatirələr yaradıb.

Klubun rənglərinin belə Masazırdakı Duz gölü ilə əlaqələndirildiyi deyilirdi. Bəs indi nə olacaq? Klubun illərdir formalaşdırdığı kimlik və dəyərlər birdən-birə dəyişdiriləcək?

Ən narahatedici məqam isə odur ki, bu qərarın səbəbləri və məqsədləri barədə ictimaiyyətə aydın izahat verilmir.

Azarkeşlər qarşısında hesabatlılıq göstərilmədən qəbul edilən belə qərarlar klubla azarkeş arasında yaranmış etimadı sarsıdır.

Müasir futbolda azarkeş sadəcə bilet alan şəxs deyil, klubun əsas dayağıdır. Onun fikri nəzərə alınmadan verilən qərarlar gələcəkdə ciddi narazılıqlara səbəb ola bilər.

Bu məsələdə AFFA-nın mövqeyi də ciddi suallar doğurur. Əgər söhbət həqiqətən də milli komandaların təlim-məşq bazası kimi istifadə olunan stadionun satılmasından gedirsə, bunun izahı verilməlidir.

Azərbaycan futbolunun strateji obyektlərindən biri hansı əsaslarla özəl klubun istifadəsinə verilir? Milli komandalar bundan sonra harada toplanacaq, harada məşq keçəcək?

Bu sualların cavabı hələ də yoxdur.

AFFA illərdir ölkədə infrastrukturun inkişafından danışır. Ancaq mövcud infrastrukturun taleyi ilə bağlı cəmiyyətə aydın məlumat verilməməsi qurumun fəaliyyətinə dair yeni suallar yaradır.

Futbol ictimaiyyəti qarşısında şəffaflıq nümayiş etdirmək əvəzinə, belə mühüm qərarların qapalı şəkildə həyata keçirilməsi qəbulolunmazdır.

“Sabah” rəhbərliyi də anlamalıdır ki, futbol yalnız maliyyə və daşınmaz əmlak layihəsi deyil. Futbol emosiyadır, bağlılıqdır, ən əsası isə azarkeşdir.

İllərlə müəyyən bir bölgədə formalaşmış azarkeş auditoriyasını və klub kimliyini bir qərarla risk altına atmaq böyük strateji səhv ola bilər.

Ümid etmək qalır ki, həm “Sabah” rəhbərliyi, həm də AFFA bu məsələ ilə bağlı ictimaiyyətə ətraflı izahat verəcək, azarkeşlərin narahatlıqlarını dinləyəcək və Azərbaycan futbolunun maraqlarına uyğun qərarlar qəbul edəcəklər.

Hazırkı vəziyyətdə isə verilən qərardan çox, həmin qərarın məntiqi və məqsədi sual doğurur.

MƏNdən deməkdir...

Store Neftchi
Digər Xəbərlər
Xəbər Lenti