Çempionlar Liqasındakı təmsilçimiz “Sabah” 2-ci mərhələdə KuPS-la qarşılaşacaq.
2025-ci ildə Finlandiya çempionluğunu bayram edən “sarı-qaralar” avrokubok turnirlərindən birinin əsas mərhələsini arzulayır.
Bunun üçün əsas səbəb bu adamdır – Mika Nuutinen - komandanın 34 yaşlı baş məşqçisi.
Finlandiyada kifayət qədər tanınan və sevilən gənc mütəxəssisin futbolçu karyerası istədiyi kimi alınmayıb. Və artıq 17 yaşında top dalınca qaçmağı dayandıraraq məşqçiliyə başlayıb. Qərarın əsas səbəbi oyunların təhlilinə, taktiki analizlərə güclü maraq göstərməsi olub.
Mika Haaqa-Helia Tətbiqi Elmlər Universitetində İdman Məşqçiliyi və Menecmenti ixtisası üzrə bakalavr təhsili alıb. 2022-ci ilin iyun ayından bu günə qədər Finlandiyanın ictimai yayımçı teleşirkəti Yle Sport üçün futbol eksperti kimi fəaliyyət göstərməkdədir.
32 yaşında Pro kateqoriyasına sahib olan Nuutinenin KuPS-a gəliş tarixçəsi maraqlı alınıb.
Uzun illər aşağı liqalarda fəaliyyət göstərəndən sonra 2021-ci ildə HİK-in əvəzedici komandası olan “Klubi 04”ə baş məşqçi təyin olunub. 2023/24 mövsümündə UEFA Gənclər Liqasında mübarizə aparan HİK-in U-19 komandasına cavabdehlik daşıyıb.
2023-cü ilin sonunda 2-ci liqada çıxış edən və ona doğma olan TPS komandasına baş məşqçi təyin olunub. Onunla 3 illik müqavilə bağlansa da, maliyyə problemləri üzündən TPS-i tərk edib.
Keçək əsas məsələyə.
2025-ci ilin yanvarın 8-də HİK-in əsas komandasında baş məşqçinin köməkçisi kimi çalışmağa başlayıb. Həmin ilin may ayında baş məşqçi HİK-dən ayrıldığına görə Mika müvəqqəti baş məşqçi vəzifəsinin icrasına başlayıb. HİK məhz Nuutinenin rəhbərliyi altında Finlandiya kubokunu qazanıb. Həm də həlledici qarşılaşmada hazırda baş məşqçisi olduğu KuPS-u məğlub edərək.
Taktiki savadı, işləmək həvəsi və bol enerjisi ilə KuPS rəhbərliyinin diqqətini çəkən baş məşqçi ötən ilin dekabrında klubla 2+1 şərti ilə müqavilə bağlayıb.
KuPS-un Çempionlar Liqasında iştirakı əvvəlki baş məşqçi Jarkko Vissin ötən mövsümdə əldə olunan çempionluağ görədir. Finlandiyada çempionat yaz-payız sistemi ilə keçirildiyindən, oyunlar davam edir ki, “Sabah”ın rəqibi 16 turdan sonra 33 xalla liderdir.
34 yaşlı mütəxəssis qarşısına ciddi hədəflər qoyub. Baş məşqçi kimi Finlandiya kubokuna sahib olan çalışdırıcı Finlandiya çempionatının qalibi olmaq arzusundadır. Bununla yanaşı, KuPS-u avrokubok turnirlərinin hansısa birinin əsas mərhələsinə daşımaq istəyir.
Hər halda zəngin məşqçilik təcrübbəsinə sahib Valdas Dambrauskasla gənc və enerjili Mika Nuutinenin taktiki savaşı maraqla izlənəcək.
İyulun 21-də “Bank Respublika Arena”da gerçəkləşəcək duel saat 20:00-da başlayacaq.
HƏBİB / SPORTİNFO.AZ

