"Sabah"ın "axsayan nöqtəsi" - Bəs Murad Musayev nə düşünür?

17 Yanvar 2022 10:40 Sabah 840
"Sabah"ın "axsayan nöqtəsi" - Bəs Murad Musayev nə düşünür?

Qış təlim-məşq toplanışını Türkiyədə keçən klublardan biri də "Sabah"dır.

Kollektiv yanvarın 12-dən Türkiyəyə yola düşüb.

Artıq Murad Musayevin yetirmələri ilk yoxlama görüşündə də qüvvəsini sınayıb.

Macarıstanın "Pakş" klubu ilə qarşılaşma bərabərliklə (1-1) başa çatıb. Bir sözlə, təmsilçimizin mövsümün qışdan sonrakı yarısı üçün hazırlığı öz qaydasında davam edir.

Amma transfer bazarına baxsaq eyni sözləri demək olmur. Burada "Sabah"ın passiv olması diqqət çəkir. Olmuya Musayev güclənməyə ehtiyac görmür?

Düzdü, onun gəlişindən sonra komandada inkişaf olduğu göz önündədir. Həm oyun olaraq, həm də nəticələr baxımından. Hər şey relsə düşübmüş kimi görünür. Amma nöqsanların sıfıra bərabər olduğunu iddia etmək, düşünmək əsla olmaz.

İstənilən komandanın güclənməyə ehtiyacı var. Bu öz yerində. Amma bir də var "axsayan nöqtə". Belə problemi olan komandalar mövsümün gedişində daha çox əziyyət çəkmiş olur. Həmin mövqedə boşluqlar ciddi xal itkilərinə yol açır. Hazırkı "Sabah"da həmin nöqtə müdafiə xəttidir. Həm keyfiyyət olaraq, həm də kəmiyyət olaraq zəiflik bir çox oyunlarda özünü qabarıq biruzə verir.

Elə "Pakş"la yoxlama oyununda da buraxılan qol müdafiənin səhvindən sonra baş tutdu. Qoldan başqa bir neçə hücumda da müdafiənin səhvləri diqqət çəkdi. Eyni səhvlər Premyer Liqa oyunlarında da az yaşanmırdı.

Statistikaya diqqət yetirəndə də sözümüzün təsdiqi ola biləcək faktla üzləşdik. Belə ki, arxada qalan 14 turda "Sabah" 23 qol buraxıb. Musayevin yetirmələri bu göstəricidə yalnız "Keşlə" (24) və "Səbail"dən (29) irəlidədir. Statistikadan da göründüyü kimi müdafiə zonası üçün "Sabah"a transfer hava-su kimi lazımdır.

Bu vəziyyətdə rusiyalı mütəxəssisin hərəkətə keçməməsi təəccüb doğurmaya bilməz. Bəlkə də axtarışlar gedir, amma istənilən nəticə yoxdur. Hər halda transfer pəncərəsi davam edir. Bizə isə prosesləri üzləmək qalır.

SPORTİNFO.AZ

Digər Xəbərlər
Xəbər Lenti