“SABAH”IN GÜNDƏMİ: - İndiki vəziyyətdə çıxış yolu nədir?

23 Avqust 2021 20:00 Sabah 1 009
“SABAH”IN GÜNDƏMİ: - İndiki vəziyyətdə çıxış yolu nədir?

Artıq çempionatda 2 tur geridə qalıb.

İki turdan sonra turnir cədvəlinə nəzər saldıqda, qarşıda bizi gözləyən aylar ərzində çox yerdəyişmələrin olacağını proqnozlaşdırmaq olar.

Turnir cədvəlinə aşağıdan nəzər saldıqda, ilk diqqət çəkən mövsümdən öncə favoritlər siyahısında göstərilən “Sabah”ın turnir cədvəlinin zirzəmisində olmasıdır.

“Ağ-göylər” keçirdikləri hər iki oyunda uduzublar. İlk turda evdə “Səbail”ə minimal hesabla uduzan (0:1) “Sabah”, 2-ci turda Sumqayıt səfərindən də xalsız döndü (0:2).

İlk baxışda Ramin Quliyevin yetirmələrinin bu nəticəsi həyata keçirilən transferlər və mövcud potensialın qarşılığında qənaətbəxş deyil. Ancaq məsələnin dərinliyinə vardıqda, ilkin müşahidənin heç də real mənzərəni əks etdirmədiyini görərik.

Bəs problem nədədir? Ötən mövsümün son 10 turunda “Sabah”ın “sükanı arxası”na keçən və komandanı turnir cədvəlinin zirzəmisindən 5-ci pilləyə kimi yüksəldən Ramin Quliyev harda səhv edir?

Əvvəla ondan başlamaq lazımdır ki, “Sabah” ötən mövsümün sonunda heyətdə ciddi dəyişikliyə getdi. Klubla müqavilə müddəti bitən bir çox futbolçu ilə yollar ayrıldı ki, bu oyunçulardan da bir çoxu əsas heyətin üzvləri idi.

Ramil Şeydayev, Təmkin Xəlilzadə, Bəhlul Mustafazadə, Amadu Diallo, Kevin Kubemba, Filip İvanoviç, Mario Marina kimi əsas heyət üzvlərinin yer aldığı, ümumilikdə 16 (!) futbolçunun ayrılmasından sonra komandanı yenidən qurmaq lazım idi.

İnsafən, “Sabah” yay transfer dövrünün ən fəal klublarından oldu. “Ağ-göylər” mövsümlərarası fasilədə Coy-Lens Mikels, Elvin Camalov, Səlahət Ağayev, Xuan Kamara, İldar Ələkbərov, Mixeil Erqemlidze, Kristian Sebalyos və Şpiro Periçiç kimi oyunçularla heyətini gücləndirdi.

Lakin komanda quruculuğu bir neçə günün işi deyil. Yenilərin komandaya uyğunlaşması, ümumiyyətlə yeni komandanın formalaşması üçün vaxta ehtiyac var ki, bu da “Sabah”ın ilk iki turdakı görüşlərində özünü aşkar şəkildə göstərdi.

Hər iki oyunda yenilərin fərdi keyfiyyətləri üzə çıxsa da, bu, komanda oyununda özünü əks etdirə bilmədi.

“Səbail”lə oyunda tam üstünlüyə malik olan (təkcə topa sahib olma 70/30, qapıya zərbələr isə 26/6 “Sabah”ın xeyrinə idi) “Sabah” Masazırda xalsız qalmasına görə yalnız meydanda yenilər arasında anlaşmanın tam formalaşmaması və bəxtdən şikayətçi olmalıdı.

“Sumqayıt”la səfər oyunundan öncə isə komandanın tam formalaşmaması ilə yanaşı, heyətdə olan böyük itkilər də mühüm rol oynadı.

Təsəvvür edin, bir neçə ildi demək olar stabil, oturuşmuş heyətlə oynayan “Sumqayıt”a qarşı “Sabah” yeni qurulmuş və 5 (!) əsas heyət futbolçusundan məhrum heyətlə çıxmışdı.

Belə ki, “ağ-göylər” “kimyaçılar”la səfər görüşündə yeni transfer Kristian Sebalyos (sənəd problemi), Zurab Oçiqava, Xulio Rodriqes (hər ikisi zədə), Coy-Lens Mikels (qırmızı vərəqə) və Aleksey İsayevin (korona testinin nəticəsi pozitiv çıxdığından) xidmətindən istifadə edə bilmədi.

İtkilər və tam oturuşmamış heyətin səfərdə uzun müddətdi bir yerdə olan komandaya məğlub olması gözlənilən idi.

Maraqlıdır ki, “Sabah” hətta problemlərlə belə oyun planında rəqibindən geri qalmadı, əksinə, matçın bəzi məqamlarında rəqibindən üstün görünürdü.

Oyunsonrası mətbuat konfransında baş məşqçi Ramin Quliyev də yuxarıda bəhs etdiyimiz məsələləri xüsusi vurğuladı.

Lakin Quliyev məğlubiyyətin məsuliyyətini öz üzərindən atmadı, əksinə, yay fasiləsində yığılmış bu heyətin avrokuboklara vəsiqə qazanmalı olduğunu əminliklə qeyd etdi: “Mən olsam da, olmasam da, bu heyət avrokuboklarda çıxış edəcək".

Bəs indiki vəziyyətdə çıxış yolu nədir? Komandasına və özünə inanan, ölkənin ən perspektivli məşqçilərindən sayılan Ramin Quliyevin maksimum yanında olmaq və vaxt verməkdir. Nə qədər şablon səslənsə də, Moskva birdən qurulmayıb. Quliyev özü də mətbuat konfransında indi gərəkən əsas şeyin vaxt olduğunu bildirdi. Bu baxımdan milli komandanın oyunları ilə bağlı yaranacaq 20 günlük fasilə “Sabah” üçün göydəndüşmə olmalıdır. Bu 3 həftəlik müddət həm yenilərin komandaya tam uyğunlaşması, həm də zədə və xəstə futbolçuların tam sağalaraq sıraya qayıtması baxımından gözəl şansdır.

Düzdür, “Sabah” debütdə büdrədi, amma bu, hələ heç nə demək deyil. Fasilədən sonra meydanda tam fərqli “Sabah” görə bilərik. Komanda ötən mövsüm də çətin anlar yaşayırdı.

Lakin Ramin Quliyev komandanın “sükanı arxasına” keçdikdən və həmin vaxt da milli komandanın oyunlarıyla bağlı yaranmış fasilədən sonra tam fərqli “Sabah” görmüşdük.

Hansı ki, çempionatın zirzəmisindən 5-ci pilləyə qədər yüksəlmişdi. İndi həmin nəticəni göstərmiş Ramin Quliyev mövsümün son 10 turunda yox, əvvəlindən iş başındadır.

Və sonda... Çempionata uğurlu start vermək heç də bütün mövsümün uğurlu olacağı anlamına gəlmir. Uyğun olaraq da, liqaya uğursuz start vermək mövsümün sonunda da eyni nəticənin təkrarlanacağı demək deyil.

Kiçik xatırlatma: “Sabah” sonda avrokuboklardan kənarda qaldığı ötən mövsümdə ilk 3 turdan sonra 6 xalla turnir cədvəlinin zirvəsində qərarlaşmışdı...

SPORTİNFO.AZ

Digər Xəbərlər
Xəbər Lenti
19 Aprel 16:30 Çək və bizə göndər!
19 Aprel 11:20 GƏLİN və GÖRÜN!
19 Aprel 02:50 Nicat yenə məğlub oldu
19 Aprel 01:00 "Futbol əməliyyatı"