"Bunları nəzərə alaraq, razılıq verdim, məqsədimiz Premyer Liqadır"

25 Fevral 2023 17:00 Region Liqası 1 068
"Bunları nəzərə alaraq, razılıq verdim, məqsədimiz Premyer Liqadır"

«Öncə onu bildirim ki, yarandığı vaxtdan komandanın yanında olmuşam.

Tələbələrim və iki oğlum ilk gündən burada çıxış edir».

Bu sözləri Sportinfo.az-a açıqlamasında «Difai»nin yeni çalışdırıcısı Paşa Əliyev deyib.

Region Liqasında debüt mövsümünü keçirən klubda baş məşqçi dəyişikliyi olub. Qarabağ qazilərinin əsasını qoyduğu kollektiv tanınmış futbol adamıyla işbirliyinə start verib.

Vaxtilə millinin və «Bakı»nın şərəfini qorumuş Paşa Əliyev komandanın sükanı arxasına gətirilib. Keçmiş hücumçu minimum mövsümün sonunadək Şuşa təmsilçisini çalışdıracaq.

Bunadək baş məşqçi səlahiyyətlərini yerinə yetirmiş Aydın Qasımov da iş yerini tərk etməyib. O, Əliyevə köməkçi təyin olunub.

P.Əliyev bununla bağlı aşağıdakıları söyləyib:

«Çempionat başlamamışdan əvvəl 3 yoldaşlıq oyunu daxil, bütün oyunları izləmişəm.

Aydın Qasımov da mənə çox yaxın insandır. Demək olar ki, ailəmizin bir üzvüdür.

Komanda qısa müddət ərzində püxtələşib, nəzərəçarpacaq irəliləyişlər olub.

Bildiyiniz kimi, Region Liqası həvəskarlardan ibarət komandaların mübarizə apardığı yarışdır. Bəzi komandalarda məşqçi demək olar yoxdur və ya bir nəfərdir.

"Difai"nin rəhbərliyi komandanı professional müstəviyə çıxartmaq istəyir. Belə olduğu təqdirdə, ilk görüləcək iş məşqçilər korpusunun yaradılmasıdır.

Komandanın fiziki və psixoloji durumu, oyunçuların texniki hazırlığı və bacarığı yaxşıdır. Bu səbəbdəndir ki, məşqçi korpusuna cəlb olunmuş şəxslərin hamısı komandanın daxilindəndir.

Komandaya hər zaman məsləhətlərimi verir, təcrübəmlə bölüşürdüm.

Klub rəhbərliyindən bir neçə dəfə mənə təklif olundu ki, sadəcə, məsləhət vermək deyil, komandanın texniki-taktiki hazırlığının artırılması üçün məşqçilər korpusuna başçılıq edim.

Və əsas da, o qeyd olundu ki, komandada görülmüş işlər bizi qane edir, sadəcə, pillə-pillə qalxmalıyıq və bu məqsəd üçün kənardan mütəxəssis cəlb etmək istəmirik.

Bunları nəzərə alaraq, razılıq verdim. Komandada perspektivli gənclər çoxdur. «Difai» bu gün I Divizionda mübarizə aparmağa layiq bir tərkibə malikdir. Məqsədimiz Premyer Liqadır.

Ümid edirəm ki, yaxın vaxtlarda yeni sponsorlar da «Difai»yə qoşular və biz Premyer Liqaya doğru növbəti addımları atarıq».

Digər Xəbərlər
Xəbər Lenti