“Cəbrayıl”ın prezidenti Cavid Hüseynov AFFA-ya baş çəkib.
Region Liqasını qazanan komandanın rəhbəri assosiasiyanın baş katibi Sərxan Hacıyevlə görüşüb.
Bu barədə məlumatı oxu.az-a müsahibəsində AFFA rəsmisinin özü deyib.
Sitat: “Cəbrayıl” ilə görüş keçirmişik. AFFA olaraq bizdən bir neçə xahişlər oldu ki, biz də bunu yerdə qoymamağa çalışacağıq. Biz Azərbaycanı Avropada təmsil edən komandaya mütləq dəstək göstərməliyik”.
Liqanın qalib komandasının AFFA-dan hansı xahişləri etməsi maraq doğurmaya bilməzdi. Elə bu məqsədlə klubun prezidenti və baş məşqçisi Cavid Hüseynovla əlaqə saxladıq.
Azərbaycan millisinin sabiq futbolçusu Hacıyevlə görüşdə quruma etdiyi müraciətlərin nədən ibarət olduğunu “Sportinfo”dan gizlətmədi:
“Bildiyiniz kimi, iyunun 24-də Belarus komandası ilə ilk oyuna çıxacağıq. Hər iki görüş Şamaxıda baş tutacaq. Ölkəni layiqincə təmsil etmək və mümkün qədər irəliləmək üçün yaxşı hazırlıq keçməyimiz mütləqdir.
Əsas xahişimiz də bununla bağlıdır. Ki, “Cəbrayıl”a iyunun 12-dən 23-nə qədər Şamaxı şəhər stadionunda məşq etmək və Olimpiya kompleksində məskunlaşmaq üçün şərait yaradılsın. Bu barədə söhbətimiz oldu.
Digər məsələ “Xan Lənkəran” və “Qusar”dan icarəyə götürmək istədiyimiz futbolçularla bağlıdır. Bir neçə aparıcı futbolçumuz son 2 ildə peşəkar futbolçu statusu ilə oynadığı üçün beynəlxalq yarışda iştirak edə bilməz.
Həm onların boşluğunu doldurmaq, həm də komandanı gücləndirmək üçün xidmətində maraqlı olduğumuz futbolçulara ehtiyac var. İnşallah, bu məsələ də həllini tapar.
Əsasən bu iki məsələni müzakirə etdik. Bir də standartlara cavab verən top mövzusunda söhbətimiz oldu ki, bu da həlli mümkün məsələdir.
AFFA-nın bu və digər məsələlərdə “Cəbrayıl”a köməklik göstərəcəyinə ümid edirik. Fürsətdən istifadə edib bu işdə əməyi keçənlərə təşəkkür etmək istəyirəm”.
“Cəbrayıl” UEFA Region Kubokunda ilk görüşünü iyunun 24-də Şamaxı şəhər stadionunda Belarus təmsilçisinə qarşı keçirəcək.
HƏBİB / SPORTİNFO.AZ

