“Xan Lənkəran“la bağlı hamını maraqlandıran VACİB MƏLUMAT

25 May 2022 11:40 Region Liqası 2 475
“Xan Lənkəran“la bağlı hamını maraqlandıran VACİB MƏLUMAT

“Xan Lənkəran”ın prezidenti Pərviz Hüseynovun son açıqlaması futbol ictimaiyyətində narahatlıq yaradıb.

O, rəhbəri olduğu klubun bir daha Region Liqasında çıxış etməyəcəyini bildirib.

Çempionatın gümüş medalını qazanan cənub təmsilçisinin sahibi sosial şəbəkə vasitəsilə AFFA-ya bir daha öz mövqeyini çatdırıb:

“Çünki biz bir sezona 620 min manat xərcləmişik. Bu pulu bir də bu liqaya xərcləməyə maraqlı deyilik.

Araşdırdım, "Mingəçevir"in I Diviziona gəlməyinə "Energetik" varislik edib, bizə də "Qobustan" varislik edir. Buraxın Diviziona, vəssalam!".

“Xan Lənkəran” ötən ilin yayında yaradılıb. Debütant ilk mövsümündə Region Liqasına rəng qatıb, iddialı olduğunu nümayiş etdirib.

Finala yüksələn klubun məqsədi növbəti mövsüm I Divizionda mübarizə aparmaqdır. AFFA bugünə kimi onlara mane olur.

Federasiya Region Liqasında yarışan “Araz Naxçıvan“, “İmişli“ və “Mingəçevir“in birinci dəstəyə buraxılması barədə qərar verib, “Xan Lənkəran“ı isə gözlənilərin əksinə, bu siyahıdan kənarda saxlayıb.

P.Hüseynovun mövqeyi birmənalıdır: AFFA I Divizionun qapılarını onun klubunun üzünə açmasa, Region Liqası “Xan Lənkəran“ın timsalında ən təminatlı iştirakçısını itirəcək.

Bu, o deməkdirmi ki, “Xan Lənkəran“, ümumiyyətlə, “futbol qəbirstanlığı“nın yolunu tutacaq.

Futbolsevərləri qayğılandıran odur ki, klubun nəzdində aşağı yaş qrupları üzrə bir neçə komanda formalaşdırılıb, akademiyanın tam tərkibdə fəaliyyət göstərməsi üçün demək olar hər şey hazırdır.

Hamının ilgisini çəkən sual budur: AFFA “Xan Lənkəran“a “yaşıl işıq“ yandırmasa, son 1 ildə görülən işlər yarımçıq qalacaq?

Bildiyimizə görə, “Xan Lənkəran“ uşaq futboluna diqqətini azaltmayacaq. Nə olur-olsun! Bütün aşağı yaş qrupları mövcudiyyətini saxlayacaq.

Buna kimi əsas komandaya xərclənən vəsait tamamilə akademiyaya sərf olunacaq. Həmçinin klub sosial yönümlü digər layihələrin icrasını davam etdirəcək.

SPORTİNFO.AZ

Store Neftchi
Digər Xəbərlər
Xəbər Lenti