Cavid Hüseynov “Cəbrayıl”dan  ayrılır - Təklif aldığı klub da bilindi

24 May 2022 20:40 Region Liqası 3 260
Cavid Hüseynov “Cəbrayıl”dan  ayrılır - Təklif aldığı klub da bilindi

Cavid Hüseynov “Cəbrayıl”ı tərk etməyə hazırlaşır.

Başa çatan mövsümdə işğaldan azad olunmuş rayonun komandasını Region Liqasının qalibi edən Hüseynov məşqçilikdə təcrübə toplamaq üçün peşəkar statuslu klubda çalışmaqda israrlıdır.

Əldə etdiyimiz məlumata görə, ona növbəti mövsümdə I Divizionda “İmişli”ni çalışdırmaq təklif olunub. Hətta Premyer Liqada köməkçi-məşqçi kimi işləməsi də istisna olunmur.

Cavid bəy saytımıza açıqlamasında xəbəri təsdiqləyərək ətraflı izah verib:

“Bu dəqiqə hansısa klubun adını çəkməyim doğru olmaz. Çünki heç kimlə konkret söhbətim olmayıb. Danışıq olandan, razılıq əldə olunandan sonra nəsə deyə bilərəm.

Bəli, əsas hədəflərimdən biri məşqçi kimi daha çox təcrübə toplamaq, peşəkar klubda çalışmaqdır.

Əlbəttə, bu, “divizion”da baş məşqçilik də ola bilər, Premyer Liqada köməkçi-məşqçi də. Elə insan deyiləm ki, deyim, yox, köməkçi işləmərəm.

Öz doğma “Cəbrayıl”ımızda keçirdiyim 1 il mənim üçün həm xoş anlarla yadda qaldı, həm də məşqçilikdə müəyyən təcrübə qazandım.

Amma Region Liqasında həftədə 3 dəfə məşq edən komandayla peşəkar komandanı bir tutmaq olmaz. Mən də daha çox inkişaf etmək, öyrənmək və irəli boylanmaq istəyirəm”.

Sözügedən klubun təsisçisi, prezidenti və baş məşqçisi olan Cavid Hüseynov hazırda məşqçilər üçün nəzərdə tutulmuş B kateqoriyasına sahibdir.

O, “A”ya sahib olmaq üçün bu ilin payızında təşkil olunacaq seminara qatılmaqla bağlı AFFA-ya müraciət edib.

HƏBİB / SPORTİNFO.AZ

Digər Xəbərlər
Xəbər Lenti