“Xan” və ”Cəbrayıl” “ordu” yığır – Şamaxıda iynə atsan, yerə düşməyəcək!

19 May 2022 19:40 Region Liqası 1 494
“Xan” və ”Cəbrayıl” “ordu” yığır – Şamaxıda iynə atsan, yerə düşməyəcək!

Mayın 20-də ölkə futbol ictimaiyyətinin gözləri Şamaxıda olacaq.

Region Liqasının final qarşılaşmasında “Cəbrayıl”la “Xa Lənkəran” üz-üzə gələcək ki, bununla da gərgin keçən mövsümün qalibi bilinəcək.

“Araz Naxçıvan”a məlum səbəbdən texniki məğlubiyyət verilməsinə görə “Xan Lənkəran”ın finala buraxılması cənub bölgəsində canlanmanın yaranmasına səbəb olub.

Klub rəhbərliyi cümə günü Şamaxı şəhər stadionunda Lənkəran ab-havası yaratmaq niyyətindədir. Bunun üçün azarkeşlərə avtobuslar ayrılıb.

Belə ki, final günü səhər saatlarında Lənkərandan 4 avtobus azarkeş Şamaxı istiqamətinə yola düşəcək.

Əlavə 2 avtobus isə Bakıdan bölgəyə yön alacaq. Avtobusların xərcini klubun prezidenti Pərviz Hüseynov qarşılayacaq.

“Xan Lənkəran”ın addımının qarşısında “Cəbrayıl” susmaq niyyətində deyil. İşğaldan azad olunmuş rayonu təmsil edən komandanı Şamaxıda 200-dən artıq azarkeş dəstəkləyəcək.

Bunun üçün oyun günü Biləsuvardan – Cəbrayıl köçkünlərinin ən çox məskunlaşdığı ərazidən 70-80 nəfərlik, yəni 2 avtobus azarkeş dəstəsi yola düşəcək. Əlavə 2 avtobus fanat isə Bakını Şamaxıya dəyişəcək.

Şəxsi avtomobilləri ilə də finalda “Cəbrayıl”a dəstək vermək üçün yola çıxacaq futbolsevərləri də nəzərə alsaq, həlledici qarşılaşmada tribunalarda hansı ab-havanın yaşanacağını təsəvvür etmək çətin deyil.

Mayın 20-də “Cəbrayıl”la “Xan Lənkəran” arasındakı final görüşü saat 16:00-da başlayacaq.

HƏBİB / SPORTİNFO.AZ

Digər Xəbərlər
Xəbər Lenti