AFFA-nın “Xan Lənkəran”la bağlı planı

5 May 2022 23:40 Region Liqası 1 584
AFFA-nın “Xan Lənkəran”la bağlı planı

AFFA İcraiyyə Komitəsinin sonuncu iclasında növbəti mövsümdə Birinci Divizionda 3 yeni komandanın iştirak edəcəyi ilə bağlı qərar qəbul olundu.

“Mingəçevir”, “İmişli” və “Araz Naxçıvan” azarkeşləri şad xəbərə sevinsə də, lənkəranlı futbolsevərlər “Xan Lənkəran”ın adını görməyincə sözün əsl mənasında üsyan etdi. Daha doğrusu, hələ də etməkdədirlər.

“Xan Lənkəran” rəhbərliyi istəyinə AFFA vasitəsi ilə çatmağın mümkünsüzlüyünü anlayandan sonra çıxış yolunu ölkə başçısı İlham Əliyevə məktubla müraciət ünvanlamaqda gördü.

Əldə etdiyimiz bilgiyə görə, məlum məsələ ilə bağlı Lənkəranda hərəkətliliyin yaşanması assosiasiyadakı əsas söz sahiblərini hərəkətə keçirib.

AFFA-nın divarları arasındakı söhbətdə “Xan Lənkəran”ın növbəti mövsümdə Birinci Divizionda iştirakına icazə verilməsi ilə bağlı məsələ son günlərin müzakirə mövzusudur. Lakin söhbətə nöqtə qoyan tapılmır. Dəqiq desək, cənub futbolunu “divizion”a, oradan da Premyer Liqaya gətirmək yükünün altına girmək istəyən yoxdur.

İndiki durumda “Xan Lənkəran”ın Birinci Divizionda iştirakı söhbət mövzusuna oxşamır. Başbilənlər bu barədə düşünsə də, plan bu gün yox, 2023/24 mövsümü üçün keçərli ola bilər. Lakin buna da 100 faizlik zəmanət verən yoxdur.

Klub rəhbərliyinin “Xan Lənkəran”ın peşəkarlaşması yönündə son 1 ildə çəkilən zəhməti nümunə göstərməsi işə yaramır. AFFA-dakılar bunun bir atımlıq barıt olmaq təhlükəsini göz önünə alıb, klubdakı əsas söz sahiblərini daha yaxından tanımaq, onların iş metodunu öyrənmək və lazım olan tələblərə nə dərəcədə və hansı müddətdə cavab verəcəyini yoxlamaq niyyətindədir.

HƏBİB

Digər Xəbərlər
Xəbər Lenti