AFFA İntizam Komitəsinin sonuncu iclasında növbəti mövsümdə Birinci Divizionda 3 yeni komandanın iştirakı ilə bağlı qərar qəbul olundu.
Belə ki, “Mingəçevir”, “İmişli” və “Araz Naxçıvan” 2022/23 sezonunda “divizionda” mübarizə aparacaq.
Məlum qərardan sonra lənkəranlı futbolsevərlərin və “Xan Lənkəran” rəhbərliyinin narazılığı anlaşılandır.
Region Liqasında iddialı komanda formalaşdıraraq futbol ictimaiyyətinin rəğbətini qazanan, böyük futbolu yenidən Lənkərana qaytarmaq üçün dəridən-qabıqdan çıxan “Xan Lənkəran” başbilənləri məlum qərarla barışmır, haqlı narazılığını bildirir.
Klubun prezidenti Pərviz Hüseyn aprelin 29-dan 30-na keçən gecə “instraqram” hesabında canlı yayım açaraq fikirlərini dilə gətirib.
İş adamı AFFA-nın ünvanına kəskin tənqidlərini bildirib, assosiasiyanın inzibati binasına baş çəkəcəyini açıq şəkildə bəyan edib:
“Bilmirəm, bəlkə bizdən qorxurlar. Bütün tələblərə cavab verən komanda kənarda qalır, hakimi döyən komanda Birinci Diviziona yüksəlir. Bəlkə biz də belə edək?
AFFA-dan indiyə qədər komandamıza 1 qəpik də yardım olunmayıb. Heç buna ehtiyacımız da olmayıb.
Bizə çempionatın əvvəlində forma vermək istəyirdilər, dedim, lazım deyil. Hətta “AFFA-ya kömək lazımdırsa, mən özüm edərəm” demişəm. Bu, futbol adına haqsızlıqdır.
Sabah Rəhman müəllim gələcək (“Xan Lənkəran”ın vitse-prezidenti Rəhman Abbasov – H.). “BMW X5M” veriblər ona. Səhər saat 10-da saatda 330-la gedirik AFFA-ya. Ordan çıxaq, məlumat verərik sizə”.
AFFA İntizam Komitəsinin iclasında “Xan Lənkəran”ın növbəti mövsümdə Birinci Divizionda iştirakı ilə bağlı qərar qəbul olunacağı gözlənilirdi.
HƏBİB / SPORTİNFO.AZ

