Yeni yaranan klubun arxasında Mübariz Mənsimov dayanıb? - "Onun məni qabağa verib..."

2 Yanvar 11:00 Region Liqası 7 976
Yeni yaranan klubun arxasında Mübariz Mənsimov dayanıb? - "Onun məni qabağa verib..."

Region Liqasında mübarizə aparan "Xan Lənkəran" I Divizionun son çempionu "Neftçi-2" ilə qarşılaşıb.

Görüş azarkeşlərin diqqət mərkəzində olub.

Stadiona gələn fanatların sayından da bunu görmək mümkündü. Klubun birdən-birə bu qədər işlər görməsi cənub bölgəsinin insanlarını sevindirir.

Vaxtilə "Xəzər Lənkəran" fırtınası çempionatımıza rəng qatırdı. İndi isə belə bir klubun yaranması hər kəsin marağına səbəb olub.

Amma ortada cavabını gözləyən yetərincə sual da var. Görəsən, doğrudanmı ikinci fırtına gəlir?

Bu və başqa suallarla bağlı klub prezidentinin fikrini öyrənmək istəsək də, cəhdlərimiz alınmırdı. Ad və soyadı açıqlanmayan başqanı tapmaq bir az vaxtımızı aldı.

Beləliklə, “Xan Lənkəran”ın bu günü və sabahı haqda Pərviz Hüseynov danışacaq.

- Necə oldu ki, klub prezidenti olmaq qərarına gəldiniz?
- Əsas məqsəd gənclərimizin pis yola düşməsinin qarşısını almaqdı. Onları idmana cəlb etmək istədim. Gənclərin ən çox sevdiyi idman növü futbol olduğu üçün mən də onu seçdim. Öz işim idmandan tam fərqli sahədi. Onu da qeyd edim ki, biz gücümüzü "dəmir yumruq"dan alırıq. Buna güvənib yola çıxmışıq.

- "Xan Lənkəran"la bağlı planlarınız nədi? Hansı yeniliklər gözləyir cənub bölgəsini?
- Gələcək planlar barədə çox danışmağı xoşlamıram. Nələr olacağını zaman göstərəcək. Sadəcə, onu deyə bilərəm ki, bir müddət sonra hamı bizim planlardan, görəcəyimiz işlərdən danışacaq.

- “Xan Lənkəran” "Xəzər Lənkəran"ın davamçısıdı, yoxsa tam fərqli bir klubdu?
- "Xəzər Lənkəran" həmişə ürəklərdədi. Amma bizim o kluba heç bir aidiyyatımız yoxdu.

- Deyilənə görə, sizin Mübariz Mənsimovla yaxın münasibətiniz var. Əslində o özü geri çəkilib və "Xəzər Lənkəran"ın yolunu sizin vasitəsilə davam etdirir. Bu barədə nə deyə bilərsiz?
- Mübariz müəllimə böyük hörmətimiz var. "Xəzər Lənkəran" hələ də qəlbimizdədi. O ki qaldı məni qabağa verib bu işləri gördürməyinə, xeyr, elə bir şey yoxdu. Mübariz müəllimlə şəxsi tanışlığım yoxdu. Bu günə qədər bir dəfə də görüşməmişik.

- Cənub bölgəsində necə çılğın azarkeşlərin olduğunu bilirik. Futbola ac olan rayonda klub sahibisiz. AFFA və ya rayondakı hansısa idarə sizə dəstək olur?
- Şükürlər olsun ki, heç kimin köməyinə ehtiyacımız yoxdu. Təklif edirlər kömək üçün, amma ehtiyac olmadığına görə qəbul etmirik. Bircə Bioloji Təbabət Klinikası oyunçularımızı müalicə edir.

- "Xəzər Lənkəran"ın stadionunda çıxış edirsiz. İcarəhaqqı ödəyirsiz?
- Biz nə iş görürüksə, hamısının ödənişini edirik.

- “Xan Lənkəran” növbəti mövsüm 1-ci divizionda çıxış etməyi planlaşdırır?
- Komandamız 1-ci divizionda çıxış üçün tam hazırdı. Ötən ilin çempionunu iki gün öncə məğlub etdik. Bəzi çətinliklər var. Onları da qısa müddətdə aradan qaldıracağıq.

- Bir müddət əvvəl "Qobustan" üçün stadion tikəcəyiniz haqda xəbər yayıldı. Necə oldu ki, bu qərara gəldiz?
- Biz bütün klubları qardaş klub kimi görürük. Qobustanda meydanın olmaması bizi məyus etdi. Bu səbəbdən qərara gəldik ki, "Qobustan"a bir meydan hədiyyə edək. Artıq bununla bağlı işlərə start verilib (Futbol+).

Digər Xəbərlər
Xəbər Lenti